Qaribaşvili həbsxanadan növbəti məktub yazdı
09.11.2026 21:05
470
Siyasət
A
Qaribaşvili həbsxanadan növbəti məktub yazdı

Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili həbsxanadan növbəti məktubunu yayıb.

Aktual.ge xəbər verir ki, onun məktubu rəsmi "Facebook" səhifəsində paylaşılıb.

İrakli Qaribaşvili barəsində davam edən məhkəmə proseslərinin tamamilə qapalı keçirilməsini “kölgə ədalət mühakiməsi” və siyasi təqib adlandırıb. Sabiq Baş nazirin sözlərinə görə, hakimiyyətin bu qərarı ictimai nəzarəti aradan qaldırmağa, ona qarşı həyata keçirilən psixoloji terror və şantaj faktlarını gizlətməyə xidmət edir.

Onun sözlərinə görə, “bu, ‘kenquru məhkəməsinin’ klassik nümunəsidir”. Keçmiş Baş nazir hakimiyyəti ikili standartlarda və seçmə ədalət mühakiməsində ittiham edib. O deyib ki, prokurorluq məhkəmə prosesi vasitəsilə ona qarşı həyata keçirilən şantaj və psixoloji işgəncəyə dair sübutları gizlətməyə çalışır.

İrakli Qaribaşvili bir daha vurğulayıb ki, onun işi adi cinayət işi deyil, siyasi motivli təqibdir.

“Noyabrın 2-də məhkəmədə işim üzrə mahiyyəti üzrə baxış başladı. Mənə qarşı həyata keçirilən siyasi təqib və təzyiq faktları barədə açıq şəkildə bəyanat vermək istəyirdim. İctimaiyyətə məlum olduğu kimi, hakimiyyət növbəti ədalətsiz qərar qəbul edərək məhkəmə iclaslarımı tamamilə qapalı keçirmək qərarına gəldi.

Oxşar işlər açıq rejimdə araşdırıldığı halda, məhkəmə iclaslarının qapalı keçirilməsi ayrı-seçkilik, ikili standartların təzahürü və ədalət mühakiməsinin aşkarlığı kimi fundamental prinsipin kobud şəkildə pozulmasıdır.

Hakimiyyətin bu qərara gətirdiyi əsaslandırma gülünc və əsassızdır. Bu, ikili standartların açıq sübutudur: eyni kontekstlə və ya oxşar ittihamlarla əlaqəli digər şəxslərin işlərinə, bir qayda olaraq, açıq rejimdə baxılıb. Mənim işim üzrə proses isə qapadılıb. Bu isə prosedurun qanunun aliliyini təmin etmək üçün deyil, seçmə ədalət mühakiməsinin aləti kimi istifadə edildiyini göstərir.

Bu, 'kölgə ədalət mühakiməsinin' bariz nümunəsi və ictimai nəzarəti aradan qaldırmaq cəhdidir. Məhkəmə prosesinin qapalı keçirilməsi bu işdə siyasi maraqların, təzyiq mexanizmlərinin və saxtalaşdırmaların necə bir-biri ilə əlaqələndiyini gizlətmək məqsədi daşıyır.

Proses qapalı keçirildikdə ictimaiyyət və media nəzarəti aradan qalxır. Bu da sistemdəki problemləri, mənə qarşı davam edən siyasi təqibi və qisasçılığı gizlətməyə imkan yaradır. Bu, siyasi təcridin açıq nümunəsidir. Məqsəd siyasi fiquru tamamilə təcrid etmək, onun səsini boğmaq və prosesi həqiqətin ictimaiyyətə açıqlana bilməyəcəyi formata keçirməkdir.

Hakimiyyətin bu qərarı qorxudan qaynaqlanır və məqsəd prosesin 'qaranlıqda' aparılmasıdır. Mən isə bəyan etmək istəyirəm ki, gizlədəcəyim heç nə yoxdur. Buna görə də prosesin açıq keçirilməsini, yəni 'işığın' təmin olunmasını tələb edirdim.

Beynəlxalq hüquq və Avropa standartlarına əsasən, məhkəmə iclaslarının qapalı keçirilməsi obyektiv zərurətdən deyil, siyasi prosesləri gizlətmək məqsədindən irəli gəlirsə, bu, Konvensiyanın fundamental pozuntusudur. Bununla yanaşı, qapalı, ictimaiyyətə açıq olmayan və seçmə qaydada aparılan məhkəmə prosesləri qarşımızda adi cinayət işi deyil, siyasi motivli təqib olduğunun əsas göstəricilərindən biridir.

Qapalı məhkəmə iclasında hakimə mənə qarşı həyata keçirilən psixoloji terror və bir neçə cinayət əməlini özündə birləşdirən təzyiq mexanizmi barədə məlumat verdim. Buraya psixoloji təzyiq və işgəncə, mənəvi və psixoloji əzab, məcburetmə və siyasi fəaliyyətə mane olma daxildir. Bu əməllər İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 3-cü, 6-cı və 18-ci maddələrinin birlikdə ən ağır şəkildə pozulmasıdır. Bütün bu proses hüquqi çərçivədən kənara çıxır və idarə olunan siyasi ədalət mühakiməsinin klassik nümunəsidir.

Mənə qarşı həyata keçirilən siyasi təqib və ağır cinayət barədə ilk dəfə avqustun 17-də sosial şəbəkə vasitəsilə açıqlama vermiş, hakimiyyət tərəfindən göndərilən məktubu dərc etmişdim. Həmin vaxtdan hakimiyyətin reaksiyasını – istintaqın başlanmasını gözləyirdim. Lakin bu günə qədər belə bir addım atılmayıb. Xatırladıram ki, prokurorluq cinayət barədə məlumat alan kimi araşdırmaya başlamağa borclu idi.

Prokurorluq və məhkəmə şantaj və məktubdan xəbərdar olduqları halda, bu halları araşdırmaq əvəzinə, əksinə, məktubda göstərilən ultimatum əsasında mənə qarşı yeni və absurd ittiham irəli sürdülər. Daha sonra isə prosesi qapadaraq materialları gizlətdilər. Bununla dövlət həmin cinayətə görə məsuliyyəti öz üzərinə götürmüş oldu.

Həmçinin qeyd etmək istəyirəm ki, müdafiə tərəfinə məhkəmədə əsas sübutu – şantaj məktubunu təqdim etməyə icazə verilməyib. Bununla yanaşı, müdafiə tərəfinin iş materiallarının bir hissəsinə çıxışı məhdudlaşdırılır və tərəflərin çəkişmə prinsipi kobud şəkildə pozulur.

Beynəlxalq hüquqa görə, belə bir prosesin heç bir legitimliyi yoxdur. Bu, 'kenquru məhkəməsinin' (saxta ədalət mühakiməsinin) klassik nümunəsidir.

Yekun olaraq bildirmək istəyirəm ki, məhkəmə prosesinin qapalı keçirilməsi indiyədək ictimaiyyətə məlumat verdiyim eyni sxemin tərkib hissəsidir: həbsxanada təzyiq və şantaj, sübutun (məktubun) nəzərə alınmaması, iş materiallarının təqdim edilməsindən imtina və nəhayət, prosesin ictimaiyyətdən gizlədilməsi – qapadılması.

Bütün bunlar vahid və məqsədyönlü prosesdir. Bunun hüquqla heç bir əlaqəsi yoxdur və tamamilə siyasi təqib və qisas xarakteri daşıyır”, – deyə İrakli Qaribaşvili yazıb.

ŞƏRH YAZ
1