"Gürcüstanın avtomobil biznes sektoru təxminən 1 milyard dollar zərər görüb".
Aktual.ge xəbər verir ki, bunu Gürcüstan Avtomobil İdxalçıları və Avtomobil Sahibləri Assosiasiyasının rəhbəri Aleksandre Noniadze deyib.
Onun sözlərinə görə, 1 milyard dollara yaxın itki həm idxalın, həm də təkrar ixracın azalmasını əhatə edir. Bu isə ölkənin ən sürətlə inkişaf edən və gəlirli sektorlarından birinə ciddi zərbə vurub.
Biznes nümayəndələri sektorda kəskin geriləməni və dərinləşən böhranı birbaşa 2026-cı il aprelin 1-dən qüvvəyə minən qaydalar və avtomobillərin gömrük rəsmiləşdirilməsi (aksiz) rüsumlarının artırılması ilə əlaqələndirirlər.
“Xarici ticarət dövriyyəsi təxminən 1 milyard dollar azalıb. Bu o deməkdir ki, sektor da, ölkə iqtisadiyyatı da zərər görüb. Böyük şirkətlərin 20%-i fəaliyyətini dayandırıb, kiçik və orta şirkətlərin 60-70%-i işləmir, dilerlər də gözləmə mövqeyindədirlər.
Gömrük rəsmiləşdirilməsi xərcləri təxminən 4,5-5 dəfə, 6 yaşadək avtomobillər üçün isə 2 dəfə artıb. Nəticədə əldə etdiyimiz yeganə şey azalma olub.
Nəzərə alın ki, bu gün açıqlanan göstəricilər yalnız minik avtomobillərinin xarici ticarətinə aiddir. Bu sahə ilə əlaqəli digər sektorlarda çalışan və əlavə dəyər yaradan insanların iqtisadi itkiləri isə ayrıca statistikada əks olunmur. Həmin insanların iş həcmi, demək olar ki, yarıya qədər azalıb, bununla paralel olaraq gəlirləri də aşağı düşüb. Bundan əlavə, xidmətlərin qiyməti də bahalaşıb. Tələb azalsa da, təsəvvür edin ki, avtomobil servislərində qiymətlər daha da artıb. Bunun səbəbi paralel şəkildə inflyasiyanın da təsir göstərməsidir”, – deyə Aleksandre Noniadze qeyd edib.
Gürcüstan Milli Statistika Xidmətinin ("Saksat") rəsmi məlumatlarına əsasən, 9 ay ərzində Gürcüstandan avtomobillərin təkrar ixracı (reeksport) 24% (475 milyon dollar) azalaraq 1,5 milyard dollar təşkil edib. Eyni dövrdə avtomobil idxalı da 13% azalıb – 3 milyard dollardan 2,6 milyard dollara düşüb.
Mənbə: Tvpirveli