Gürcüstan Prokurorluğu seksual xarakterli zorakılıq hərəkəti törətməkdə şübhəli bilinən bir şəxsə ittiham irəli sürüb.
Aktual.ge xəbər verir ki, bu barədə Prokurorluq məlumat yayıb.
Qurumun məlumatına görə, 2000-2001-ci illərdə Tbilisidə yerləşən məktəblərdən birində idman dərnəyinin müəllimi olan təqsirləndirilən şəxs həmin vaxt 8-9 yaşlarında olan şagirdlə dəfələrlə qeyri-ənənəvi seksual xarakterli əlaqədə olub.
Bildirilib ki, təqsirləndirilən şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 138-ci maddəsinin 3-cü hissəsinin “e” bəndi və 4-cü hissəsi ilə ittiham irəli sürülüb. İttiham vəzifə səlahiyyətlərindən istifadə etməklə 14 yaşı tamam olmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin törədilməsini nəzərdə tutur.
Qeyd olunan cinayətə görə 20 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddətdə məhkəməyə vəsatət təqdim edəcək.