Rusiyadan Gürcüstana “Zolotaya Korona” ödəniş sistemi vasitəsilə pul köçürmələri yenidən əlçatandır.
Aktual.ge xəbər verir ki, bu barədə RBC yazır.
Belə ki, pul köçürməsi zamanı “Zolotaya Korona” istifadəçiyə xəbərdarlıq edir ki, Gürcüstanda fəaliyyət göstərən bütün iri maliyyə institutlarının filiallarında nağd pulun əldə edilməsi mərhələli şəkildə mümkün olacaq.
İyulun sonunda Rusiyaya qarşı Avropa İttifaqının yeni sanksiyaları səbəbindən “Zolotaya Korona” Gürcüstana və bir sıra digər ölkələrə, o cümlədən Qazaxıstana pul köçürmələrini dayandırmışdı. Həmin vaxt Rusiyadan pul köçürmələri üçün yalnız Özbəkistan, Türkiyə və Qırğızıstan əlçatan idi. Əvvəllər isə xidmət istifadəçilərə Ermənistan, İsrail, Vyetnam, Tailand və Serbiyaya da pul köçürmək imkanı yaradırdı.
Rusiyaya qarşı Avropa İttifaqının 21-ci sanksiyalar paketi 218 mövqeni, aktivlərin dondurulmasını və 94 Rusiya bankının əməliyyatlarının qadağan edilməsini əhatə edirdi. Məhdudiyyətlər “Zolotaya Korona”nın keçmiş operatoru və hesablaşma mərkəzi olan qeyri-bank təşkilatı RNKO Payment Center-ə də şamil edilmişdi.
Avqustun sonunda Rusiya Bankı RNKO Payment Center-i ödəniş sistemləri operatorlarının reyestrindən çıxarıb. Bundan əvvəl “Zolotaya Korona”nın xarici törəmə şirkəti KoronaPay Europe Avropa bazarında fəaliyyət göstərmək üçün lisenziyasından könüllü şəkildə imtina etdiyini açıqlamışdı.
Sanksiyaların tətbiqindən sonra, məsələn, Özbəkistan Mərkəzi Bankı bildirmişdi ki, ölkə bankları “Zolotaya Korona”nın rəhbərliyi ilə birlikdə pul köçürmə sisteminə qoyulan məhdudiyyətlərin “ikinci dərəcəli təsirlərindən” yayınmaq məqsədilə yeni texniki operatora keçidlə bağlı danışıqlar aparır.
Sentyabrın sonuna qədər “Zolotaya Korona” pul köçürmə imkanlarını genişləndirməyə nail olub. Belə ki, xidmət Özbəkistan, Türkiyə, Qırğızıstan, Çin və Azərbaycana pul göndərmək üçün əlçatan olub. Qazaxıstanda isə nağd pul köçürmələri “Zolotaya Korona”nın tərəfdaşı vasitəsilə bərpa edilib.
Rusiyanın “Genesis” hüquq şirkətinin qiymətləndirməsinə görə, bəzi ölkələrin “Zolotaya Korona” sisteminə yenidən qoşulması onunla izah olunur ki, Avropa İttifaqının sanksiyaları bütün hüquqi şəxsə deyil, məhz RNKO Payment Center-ə tətbiq edilib. Şirkətin fikrincə, “xidmətin fəaliyyəti tamamilə deyil, seçici şəkildə dayandırılıb və şirkət öz xidmətlərini alternativ hüquqi və hesablaşma şəbəkələri vasitəsilə tədricən bərpa edir”.
Məlumat üçün bildirək ki, “Zolotaya Korona” hesab açmadan onlayn pul göndərmək və qəbul etmək, həmçinin tərəfdaş şəbəkəsi vasitəsilə nağd şəkildə pul əldə etmək imkanı yaradan ödəniş sistemidir.