OXU Olimpiadası “Payız Semestri”nin qalibləri mükafatlandırılıb
14.11.2026 23:20
102
Mədəniyyət
A
OXU Olimpiadası “Payız Semestri”nin qalibləri mükafatlandırılıb

OXU Olimpiadası – “Payız Semestri”nin yekunlarına həsr olunan mükafatlandırma mərasimi keçirilib. 

Aktual.ge xəbər verir ki, tədbirdə müxtəlif siniflər və fənlər üzrə ilk iki yeri tutan şagirdlərə diplom və medallar təqdim olunub. Hər fənn üzrə ən yüksək nəticə göstərən iştirakçılar isə xüsusi hədiyyələrlə təltif ediliblər.

Olimpiadanın nəticələrinə əsasən, gürcü dili üzrə III sinif şagirdi Gülsüm Vəliyeva və IX sinif şagirdi Nəzrin Həsənova maksimum – 100/100 bal toplayaraq fərqləniblər. İngilis dili üzrə ən yüksək nəticə IV sinif şagirdi Amir Əliyevə (95/100 bal), riyaziyyat üzrə isə X sinif şagirdi Gülay Məmmədovaya (95/100 bal) məxsus olub.

Mükafatlandırma mərasimində OXU Təhsil Mərkəzinin direktoru Murad Muradov və İnkişaf və Təhsil Mərkəzinin direktoru Emin Əhmədov çıxış ediblər. Çıxışlarda şagirdlərin akademik biliklərinin qiymətləndirilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması və təhsilə marağın artırılmasında olimpiadaların əhəmiyyəti vurğulanıb.

Tədbir çərçivəsində Böyük Muğanlı kənd məktəbinin şagirdlərinin olimpiadada fəal iştirakına, həmçinin gənclərin təhsilinə və inkişafına verdiyi dəstəyə görə Böyük Muğanlı İctimai Məktəbinin direktoru Musa Yusifliyə xüsusi plaket təqdim olunub.

Qeyd edək ki, OXU Olimpiadası şagirdlərin bilik səviyyəsini yoxlamaq, onların potensialını üzə çıxarmaq və təhsildə uğura həvəsləndirmək məqsədi daşıyır. “Payız Semestri” çərçivəsində iştirakçılar gürcü dili, ingilis dili və riyaziyyat fənləri üzrə biliklərini sınayıblar.

ŞƏRH YAZ
1