Bu gün Tbilisidə, “Marriott” hotelində yeni siyasi partiya – “Sosial Demokratiya Uğrunda” partiyasının təsis qurultayı keçirilib.
Aktual.ge xəbər verir ki, yeni siyasi birliyin ilk qurultayında müxtəlif sahələrin nümayəndələrini, tələbələri, mühacirləri, əmək hüquqları və ətraf mühitin qorunması məsələləri üzrə fəaliyyət göstərən fəallar iştirak edib.
Partiyanın proqram bəyanatına əsasən, onun əsas məqsədlərindən biri vətəndaşların siyasi proseslərə təsir imkanlarını özlərinə qaytarmaqdır.
Partiya nümayəndəsi Vaxuşti Menabdenin sözlərinə görə, ölkədə “Gürcü Arzusu”nun müxalifətə qarşı yürütdüyü siyasəti nəzərə alaraq, yeni partiya hər cür ssenariyə hazırdır.
Qeyd edək ki, siyasi təşkilatın Ədliyyə Nazirliyinə müraciət etməsi üçün bir ay vaxtı var.