Marneuli Bələdiyyə Məclisinin majoritar deputatı Anar Piriyev “Aktual Media Məktəb” Media Savadlılığı kursunun iştirakçıları ilə görüşüb və gənclərə hədiyyələr təqdim edib.
Paytaxt Tbilisidə, “İbis Old Tbilisi” hotelinin konfrans zalında keçirilən kursun iştirakçıları ilə görüşən Bələdiyyə Məclisinin üzvü gənclərə uğurlar arzulayıb, onların bilik və bacarıqlarının inkişafının vacibliyini vurğulayıb.
Görüş zamanı Anar Piriyev 30 nəfər gəncə yeni model yaxa mikrofonları hədiyyə edib. O, həmçinin kurs iştirakçıları üçün ziyafət süfrəsi açıb.
Qeyd edək ki, “Aktual Media Məktəb”in 3 aylıq jurnalistika kursu layihəsinin artıq bir ayı geridə qalıb. Ümumilikdə 24 təlimdən ibarət olan kurs çərçivəsində gənclərə xəbərlərin və məqalələrin yazılması, reportajların hazırlanması, müsahibəalma texnikası və praktikası, səlis danışıq, fikirlərin aydın və düzgün ifadə olunması, onlayn media və sosial şəbəkələrlə iş, süni intellektin jurnalistikada tətbiqi, jurnalistikanın etik qaydaları kimi aktual mövzularda bilik və bacarıqlar təlimləri keçirilir.