Gürcüstanın Baş nazirinin müavini, İqtisadiyyat və Davamlı İnkişaf naziri Mariam Kvrivişvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüb.
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstab İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat verib.
Məıumata görə, görüşdə Gürcüstan və Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivləri diqqət mərkəzində olub.
“Danışıqlar zamanı iki ölkə arasında mövcud olan sıx siyasi və iqtisadi əlaqələr, həyata keçirilən birgə layihələr və regional əməkdaşlığın əhəmiyyəti müzakirə edilib. Bağlılığın gücləndirilməsinin, regionun nəqliyyat, logistika və enerji potensialından maksimum dərəcədə istifadənin vacibliyi vurğulanıb.
Görüşdə qeyd olunub ki, uğurla həyata keçirilən birgə layihələr və ticarət əməkdaşlığı nəticəsində Azərbaycan 2000-ci ildən etibarən Gürcüstanın ən iri ticarət tərəfdaşlarının ilk onluğunda sabit mövqeyini qoruyur.
Tbilisi ilə Bakı arasında sərnişin dəmir yolu əlaqəsinin bərpasından sonra sərnişin axınının əhəmiyyətli dərəcədə artması müsbət qiymətləndirilib.
Görüşdə Gürcüstanın Azərbaycandakı səfiri Giorgi Zakaraşvili və Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov da iştirak ediblər”, – deyə məlumatda bildirilir.