Az əvvəl açıqlandı: Türkiyədən Gürcüstana turlar ləğv edilir
29.11.2026 13:57
185
Dünya
A
Az əvvəl açıqlandı: Türkiyədən Gürcüstana turlar ləğv edilir

Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) Şimal-Şərqi Anadolu Regional Bölməsinin sədri Nuh Şenol Gürcüstana təşkil edilən tur proqramlarını ləğv etdiklərini açıqlayıb.

Aktual.ge xəbər verir ki, o, bu barədə "Demirören Haber Ajansı"na müsahibəsində bildirib. 

Batumidə 27 Noyabr "Beşiktaş - Hapoel Beerşeba" matçındaki hHadisələrin Türkiyənin turizm sektorunun nümayəndələrini və vətəndaşlarını dərindən məyus etdiyini qeyd edən Şenol deyib:

“Bu matç təkcə Beşiktaşın deyil, 85 milyon insanın ürəyinin və qəlbinin orada olduğu bir qarşılaşma idi. İsrailin də bu məsələyə aidiyyəti olduğuna görə bizim üçün xüsusi əhəmiyyət daşıyırdı. Matç zamanı və matçdan sonra baş verənlər bizi həqiqətən çox məyus etdi. Gürcüstan polisinin belə müdaxilə edəcəyini gözləmirdik. İlin 12 ayı ərzində turizm fəaliyyəti ilə Gürcüstana ciddi töhfə verən turizm şirkətləri olaraq baş verənləri pisləyirik”.

Gürcüstan hökumətindən üzrxahlıq xarakterli açıqlama verilmədiyi müddətdə tur proqramları təşkil etməyi planlaşdırmırıq deyən Nuh Şenol söyləyib:

“Əlbəttə, kommersiya gəliri bizim üçün vacibdir. Hamımız ailəmizi dolandırır, işçilər çalışdırır və məşğulluq yaradırıq. Lakin söhbət Türkiyə Respublikasının vətən torpaqlarından və milli məsələlərimizdən gedəndə ac da qalarıq, susuz da, amma heç bir halda boyun əymərik. Gürcüstan hökumətindən üzrxahlıq xarakterli açıqlama verilmədiyi müddətdə tur proqramları təşkil etməyi planlaşdırmırıq”.

O, tur proqramlarının ləğvinin yalnız son hadisə ilə bağlı olmadığını bildirərək, Türkiyə vətəndaşlarının xüsusilə Sarp Sərhəd-Keçid Məntəqəsində uzun müddətdir problemlərlə üzləşdiyini iddia edib.

“Bir neçə ildir Gürcüstan sərhəd-keçid məntəqələrində türk qonaqlarımıza qarşı geniş şəkildə ikinci dərəcəli insan kimi davranıldığını müşahidə edirdik. Bu məsələləri aidiyyəti qurumlara da çatdırırdıq. Lakin sərhəd prosedurları ilə bağlı qaydalara görə müdaxilə imkanlarımız məhdud idi. Son hadisə keçmişdən bu günə qədər toplanan narazılıqların da üzə çıxmasına səbəb oldu”, – deyə agentlik sədri söyləyib.

Nuh Şenol Türkiyədən Gürcüstana tur proqramı ləğvi qərarının xüsusilə 14 dekabr – 14 yanvar tarixlərində təşkil edilməsi planlaşdırılan Milad yarmarkası turlarına təsir edəcəyini söyləyib.

Rezervasiya edən müştərilərlə ayrı-ayrılıqda əlaqə saxlanıldığını bildirən TÜRSAB sədri, bəzi müştərilərin başqa istiqamətlərə yönləndirildiyini, alternativ tur seçməyənlərin isə ödənişlərinin geri qaytarıldığını qeyd edib.

“Gürcüstan Türkiyə ilə yaxşı münasibətlərin vacibliyini anlamalıdır. Gürcüstan hökumətini və polis orqanlarını Türkiyə vətəndaşlarına qarşı daha vicdanlı və həssas davranmağa çağırırıq”, – deyə o qeyd edib.

Qeyd edək ki, TÜRSAB Türkiyədə fəaliyyət göstərən, qanunla yaradılmış və turizm agentliklərini birləşdirən böyük birlikdir.

ŞƏRH YAZ
2