Türkiyə səfiri XİN-ə dəvət olunub | Batumidə baş verənlər müzakirə edilib
29.11.2026 16:36
251
Siyasət
A
Türkiyə səfiri XİN-ə dəvət olunub | Batumidə baş verənlər müzakirə edilib

Gürcüstanın Xarici İşlər Nazirliyində Türkiyə səfiri Mustafa Türker Arı ilə Batumidə baş verən insident müzakirə olunub

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.

XİN-in məlumatına görə, görüşdə Batumidə “Beşiktaş” və “Hapoel Beer-Şeva” komandaları arasında keçirilən futbol matçı zamanı baş verən qarşıdurma müzakirə edilib. 

Gürcüstan tərəfi ümid etdiyini bildirib ki, Türkiyə tərəfi təxribat xarakterli hərəkətlərə lazımi qiymət verəcək və gələcəkdə oxşar halların qarşısının alınmasına kömək edəcək. 

“2026-cı il noyabrın 29-da Türkiyə Respublikasının Gürcüstandakı səfiri Mustafa Türker Ari Gürcüstanın Xarici İşlər Nazirliyinə görüşə dəvət olunub.

Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia səfirlə görüşündə qeyd edib ki, Gürcüstan və Türkiyə Respublikası arasında mövcud olan mehriban qonşuluq münasibətləri və strateji tərəfdaşlıq nəzərə alınaraq, gürcü tərəfi 'Beşiktaş' və 'Hapoel Beer-Şeva' futbol klubları arasında keçirilən matçın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı çətinliklərə baxmayaraq, Türkiyədən olan futbol azarkeşlərinə Batumi şəhərində stadionun tribunalarından oyunu izləmək imkanı yaradıb. Bu qərar xoşməramlılıq və tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olaraq qəbul edilib və lazımi şəkildə qiymətləndirilməlidir.

Vurğulanıb ki, Gürcüstanın hüquq-mühafizə orqanları mümkün təxribatların qarşısını almaq, ictimai təhlükəsizliyi və asayişi təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirib.

Nazir müavini azarkeşlərin ayrı-ayrı qruplarının təxribatçı və aqressiv hərəkətlərindən təəssüf hissi keçirdiyini bildirib. Bu hərəkətlər nəticəsində stadionun infrastrukturuna ciddi ziyan dəyib, Gürcüstan Daxili İşlər Nazirliyinin bir neçə əməkdaşı isə xəsarət alıb.

Qeyd olunub ki, Gürcüstanın hüquq-mühafizə orqanları ictimai asayişin qorunması məqsədilə qanunvericilikdə nəzərdə tutulan bütün zəruri tədbirləri görüb. Nəticədə azarkeşlərin öz ölkələrinə təhlükəsiz şəkildə qayıtmaları təmin edilib.

Gürcüstan tərəfi ümid etdiyini bildirib ki, Türkiyə tərəfi təxribatçı hərəkətlərə lazımi qiymət verəcək və gələcəkdə oxşar halların qarşısının alınmasına kömək edəcək. Bununla da ayrı-ayrı qrupların məsuliyyətsiz hərəkətlərinin iki ölkə arasında mövcud olan dostluq münasibətlərinə və strateji tərəfdaşlığa xələl gətirməsinin qarşısı alınacaq.

Görüşün sonunda tərəflər Gürcüstan və Türkiyə Respublikası arasında strateji tərəfdaşlığın və mehriban qonşuluq əməkdaşlığının daha da dərinləşdirilməsinin vacibliyini bir daha təsdiqləyiblər”, - deyə məlumatda bildirilir.

ŞƏRH YAZ
7