Mayə qaz bahalaşıb və daha da bahalaşacağı proqnozu verildi
Bugün
218
İqtisadiyyat
A
Mayə qaz bahalaşıb və daha da bahalaşacağı proqnozu verildi

Gürcüstanda maye qaz bahalaşıb.

Aktual.ge xəbər verir ki, bu barədə BPN-ə Maye Qaz Assosiasiyasının rəhbəri Nika Xoperiya məlumat verib.

Onun sözlərinə görə, son 3-4 ay ərzində qiymət bir litr üçün 20-30 tetri artıb.

Maye Qaz Assosiasiyasının rəhbərinin ehtimalına görə, qarşıdakı bir ay ərzində məhsulun dəyərinin daha da artması istisna edilmir.

"Rusiya ixrac rüsumu (vergi) tətbiq edib. Təbii ki, idxalatçılar gələn aydan bu tənzimləmənin qüvvəyə minəcəyini və verginin artacağını əvvəlcədən bilirdilər. Müvafiq olaraq, onlar ötən ay daha böyük həcmdə məhsul sifariş etdilər ki, bu da idxal göstəricisinin artmasına səbəb oldu.

İdxal qiyməti məhz ona görə artıb ki, bir metrik ton üçün 130 dollar təşkil edən ixrac vergisi tətbiq olunub. Beləliklə, qiymət də yüksəlib. Bundan əlavə, Rusiyanın daxili bazarında fəaliyyət göstərən zavodlar da məhsulu bahalaşdırıb, bunun üzərinə Rusiya Federasiyası tərəfindən tətbiq olunan 130 dollarlıq rüsum da əlavə olunub.

Əlbəttə ki, idxal qiymətindəki bu dəyişiklik yerli bazara da təsir edib. Qiymət 1,20-1,30 laridən 1,50 lariyə yüksəlib. Bu artım son 3-4 ay ərzində baş verib. Güman ki, qarşıdakı bir ay ərzində qiymətin daha 5-10 tetri civarında artması istisna olunmur", - deyə Nika Xoperiya bildirib.

Məlumat üçün bildirək ki, Milli Statistika Xidmətinin ("Saksat") məlumatlarına görə, may ayında maye qazın qiyməti demək olar ki, 7% artıb. Bununla yanaşı, bahalaşmaqda davam edən qaz idxalı göstəricisi də rekord həddədir.

Daha dəqiq desək, "Saksat"ın xarici ticarət portalının məlumatlarına görə, bu ilin yanvar-aprel aylarında ölkəyə 7,985 milyon dollar dəyərində 16 750 ton mayeləşdirilmiş propan gətirilib. Bu, 2009-cu ildən bəri ən yüksək göstəricidir (portalda sözügedən məhsul haqqında məlumatlar məhz 2009-cu ildən etibarən mövcuddur).

Ötən ilə gəlincə, keçən ilin ilk 4 ayında 3,688 milyon dollar dəyərində 10 051 ton mayeləşdirilmiş qaz idxal edilib. Sözügedən məlumatlardan görünür ki, ötən il bir litr mayeləşdirilmiş qazın idxalı ölkəyə (vergilər xaric) 0,36 dollara başa gəlirdisə, bu il 0,47 dollar təşkil edir (artım 30%-dir).

ŞƏRH YAZ
0