Gürcüstanın Baş naziri İrakli Kobaxidze Serbiya Prezidenti Aleksandar Vuçiçlə görüşdə iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığın dərinləşdirilməsini müzakirə etdiklərini bildirib.
Aktual.ge xəbər verir ki, o qeyd edib ki, Gürcüstan və Serbiya Avropaya inteqrasiya istiqamətində oxşar çağırışlarla üzləşir və bu sahədə təcrübə mübadiləsi vacibdir.
Kobaxidzenin sözlərinə görə, son illərdə iki ölkə arasında əlaqələr daha da intensivləşib, Serbiyanın Tbilisidə səfirlik açması isə münasibətlərin inkişafına mühüm töhfə verəcək.
Baş nazir həmçinin bildirib ki, azad ticarət sazişi üzrə danışıqlarda irəliləyiş var və qalan məsələlər həll olunduqdan sonra sənədin imzalanması gözlənilir.
O əlavə edib ki, Gürcüstan Orta Dəhlizdə mühüm rol oynayır və Serbiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.