"Kitabların üz qabığında milli dəyərləri əks etdirən vizuallar olacaq - məsələn, kimya dərsliyinin üz qabığında kimyəvi proseslərlə bağlı olan ənənəvi gürcü şərabının sıxılması prosesi təsvir ediləcək. Fizika dərsliyinin üzərində isə Elquca Medzmarişvilinin ən böyük ixtirası - ilk gürcü peykinin kosmosa buraxılması yer alacaq. Eyni konsepsiya digər kitablara da şamil olunacaq".
Aktual.ge xəbər verir ki, bunu Təhsil, Elm və Gənclər naziri Qivi Mikanadze bəyan edib.
Onun sözlərinə görə, əsas çıxış nöqtəsi milli dəyərlərin tədris prosesinə maksimum dərəcədə inteqrasiya edilməsidir.
"Dərsliklərin islahatı ümumi təhsil islahatının əsas komponentlərindən biridir, 2028-ci il sentyabrın 15-dək bütün pillələrdə humanitar və STEM (elm, texnologiya, mühəndislik, riyaziyyat) istiqamətləri üzrə tamamilə yeni dərsliklərimiz olacaq.
Bizim qərarımızla, həm dövlət, həm də özəl məktəblərdə eyni pillə və eyni fənn üzrə eyni dərsliklərdən istifadə olunacaq.
Son bir neçə ay ərzində aktiv işlər aparılır. Bu prosesə ölkə miqyasında müvafiq sahələr üzrə həqiqətən aparıcı mütəxəssislər cəlb olunub. Nəticədə, yeni tədris ilinin başlaması ilə 1-ci, 7-ci və 10-cu sinif şagirdlərinin artıq yeni dərslikləri olacaq.
Dərsliklərə əvvəllər kitablarda heç vaxt yer almayan və Gürcüstanın memarlıq abidələrini əks etdirən 500-dən çox tamamilə yeni illüstrasiya daxil etdik. Bu milli komponentləri ölkəmizin hansı xəzinələrə sahib olduğunu övladlarımızın bilməsi üçün gətiririk", - deyə Qivi Mikanadze bildirib.
Nazirin sözlərinə görə, dərsliklər məsələsi ən böyük problemlərdən biri idi, məhz buna görə də nazirlik tərəfindən konkret qərarlar qəbul edilib.
"Valideynlərlə görüşlərdə hər kəs dərsliklərdən narazı olduğunu bildirirdi. Çünki şagird bir məktəbdən digərinə keçdikdə, eyni fənn və eyni sinif üzrə tamamilə fərqli dərsliklə qarşılaşırdı. Fərqli metodologiya ilə tədris isə uşaqda çaşqınlıq yaradır və onun təhsil effektivliyini kəskin şəkildə azaldır. Məhz buna görə də dərsliklərlə bağlı konkret qərarlar qəbul etdik və inanıram ki, çox yaxın zamanda bunun nəticəsini görəcəyik", - deyə Təhsil naziri qeyd edib.