Daxili İşlər Nazirliyi (DİN) Laqodexi bələdiyyəsinin Qabal mahalının Uzuntala kəndində fermerin evinə əl qumbarası atılması ilə bağlı istintaqa başlayıb.
Bu barədə Aktual.ge xəbər portalının sorğusuna DİN-dən bildirilib.
Qeyd olunub ki, istintaq Cinayət Məcəlləsinin 236-cı maddə ilə aparılır.
Məlumat üçün bildirək ki, sözügedən maddə "Odlu silahın (hamarlüləli ov tüfəngi istisna olmaqla), döyüş sursatının, partlayıcı maddələrin və ya partlayıcı qurğuların qanunsuz əldə edilməsi, saxlanması, gəzdırilməsi (daşınması), hazırlanması, daşınması, göndərilməsi və ya satışı"nı nəzərdə tutur.
Nə baş verib?
Laqodexi bələdiyyəsinin Qabal mahalına daxil olan Uzuntala kəndində heyvandarlıq biznesi ilə məşğul olan Elşad Söyünovun yaşadığı evin həyətinə əl qumbarası atılıb. Hadisə gecə gec saatlarında baş verib. Həyətə atılan partlayıcının partlamasına baxmayaraq, xoşbəxtlikdən həmin vaxt evdə heç kim olmayıb. Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.