Gürcüstanın aparıcı döyüş idmanı təşkilatlarından biri olan Imperium Championship beynəlxalq fəaliyyətini genişləndirərək Muaythai üzrə nüfuzlu beynəlxalq federasiyalardan biri olan World Muaythai Organization (WMO) ilə rəsmi əməkdaşlığa başlayıb və Gürcüstan üzrə nümayəndəlik hüququ əldə edib.
Aktual.ge xəbər verir ki, Imperium Championship-in təşkil etdiyi yarışlarda yerli və xarici idmançılar dünya və Avropa titulları uğrunda mübarizə aparırlar. Təşkilatın əsas məqsədlərindən biri Gürcüstanda döyüş idmanlarının inkişafına dəstək olmaq və yerli idmançılara beynəlxalq səviyyədə yeni imkanlar yaratmaqdır.
Yeni əməkdaşlıq çərçivəsində Gürcüstanda WMO titulları uğrunda beynəlxalq səviyyəli qarşılaşmaların keçirilməsi və gürcüstanlı idmançıların dünya səviyyəsində tanınan titullar uğrunda öz ölkələrində mübarizə aparması üçün imkanlar genişlənəcək.
Imperium Championship-in təsisçilərindən Kenan Bayramov bildirib ki, əsas məqsəd Gürcüstandan dünya səviyyəli çempionların yetişdirilməsinə töhfə verməkdir.
“Məqsədimiz yalnız yarış təşkil etmək deyil, Gürcüstandan dünya səviyyəli çempionlar yetişdirməkdir. Dünya səviyyəli federasiyalarla rəsmi əməkdaşlıqlar quraraq titulları Gürcüstana gətirməyə və idmançılara həmin titullar uğrunda mübarizə aparmaq imkanı yaratmağa çalışacağıq”, – deyə Bayramov qeyd edib.
WMO ilə əməkdaşlıq artıq rəsmiləşdirilib. Eyni zamanda, Imperium Championship-in digər təsisçilərindən İsvakhan Aliyev World Muaythai Organization-un Gürcüstan üzrə nümayəndəliyinin rəhbəri vəzifəsinə təyin olunub.