“Mənim merlik dövrümdə verilən icazələrin hamısı normadadır” | Daur İsmayılov
24.09.2026 22:08
327
Siyasət
A
“Mənim merlik dövrümdə verilən icazələrin hamısı normadadır” | Daur İsmayılov

Marneuli meri Daur İsmayılov şəhərdə parkinq sahəsi nəzərdə tutulmadan tikilən bir sıra yaşayış binaları ilə bağlı məsələyə münasibət bildirib. O, bu binaların tikintisinə icazələrin onun rəhbərliyi dövründə verilmədiyini diqqətə çatdırıb.

Aktual.ge xəbər portalının jurnalistinin sualını cavablandıran Daur İsmayılovun sözlərinə görə, onun merliyi dövründə tikintisinə icazə verilən çoxmərtəbəli yaşayış binaları qanunvericiliyin tələblərinə tam uyğun şəkildə inşa olunmalıdır.

Mer konkret olaraq sabiq mer Kənan Ömərovun adını çəkməsə də, şəhərdə mövcud olan bir sıra yaşayış binalarının əvvəlki rəhbərlik dövründə tikildiyinə işarə edib.

“Altından xətt çəkərək vurğulayıram ki, mənim rəhbərliyim dövründə tikintisinə icazə veriləcək bütün yaşayış binaları qanunvericiliyin tələblərinə tam uyğun şəkildə inşa olunacaq”, – deyə Daur İsmayılov bildirib.

Jurnalistin şəhərdə tikilən yeni binaların qanunvericiliyə nə dərəcədə uyğun olması, onların şəhərdə tıxac yaratması və bəzi binalarda parkinq sahələrinin nəzərdə tutulmaması ilə bağlı sualını cavablandıran mer deyib:

"Bununla bağlı onu demək istəyirəm ki, yəni mən təxminən bir ilə yaxındır artıq merlik vəzifəsinə gəlmişəm. Və bu müddətdə yeni binaların sayı o qədər də çox deyil, hansılara ki, yeni icazələr verilibdir. Ancaq burada onu vurğulamaq istəyirəm ki, altını xətt çəkə-çəkə ki, bütün binalar hansı ki, mənim rəhbərliyim dövründə icazələr veriləcəkdir, hamısı da qanuna uyğundur və bizim öhdəliymiz də odur ki, bu çərçivədən kənara çıxmayaq və bütün icazələrin hamısını qanuna uyğun şəkildə icazələri verək. Qaldı da ki, tıxaclar və parkinqlə bağlı, bizim dövrümüzdə, yəni ki, mənim merlik dövrümdə verilən icazələrin hamısı normadadır. Yəni ki, qanunlar nəyi tələb edirsə, ona uyğun şəkildə layihənin icazəsini, inşaat icazəsini vermişik".

ŞƏRH YAZ
4