Tbilisidə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Koordinat 44" tamaşasının premyerası keçirilib.
Aktual.ge xəbər verir ki, tamaşa Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü, Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) dəstəyi ilə "Era Teatrı" tərəfindən hazırlanıb.
Səhnə əsərində 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun işğal altında olan torpaqların, o cümlədən Şuşanın azad edilməsi uğrunda keçdiyi çətin və şərəfli yolu canlandırıblar. Müharibənin gərginliyi, hərbçilərin yaşadığı psixoloji sarsıntılar və Zəfərə aparan yol aktyor oyunu və səhnə quruluşu vasitəsilə tamaşaçılara təqdim olunub.
Tamaşanın müəllifi və quruluşçu rejissoru, "Era Teatrı"nın bədii rəhbəri Anar Rafiqoğlu olub.
Tamaşanın premyerasını şəhid ailələrinin üzvləri, Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri, Gürcüstan Parlamentinin üzvləri, ictimaiyyət nümayəndələri, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan, Türkiyə, Türkmənistan və Qazaxıstanın səfirləri, hərbi attaşeləri izləyib.
Qeyd edək ki, premyera noyabrın 6-da Tbilisidə Vaxtanq Salaridze adına Konsert Zalında baş tutub.


