Ləmbəli kəndində iki qardaşın qətli: sağ qalan qardaş hadisənin təfərrüatlarını açıqlayıb
Kaxetinin Ləmbəli kəndində iki qardaşın öldürülməsi ilə bağlı yeni təfərrüatlar məlum olub. Hadisə zamanı 65 və 67 yaşlı iki kişi həyatını itirib, onların üçüncü qardaşı isə qaçaraq xilas olub.
Məlumata görə, üç qardaş qonşuları ilə birlikdə toy mərasiminə gedərkən qarşılarına avtomobil çıxıb. Maşında olan şəxs onlara ov tüfəngi ilə atəş açıb. Nəticədə iki qardaş hadisə yerində ölüb.
Sağ qalan qardaş Elman Yusubov bildirib ki, hücum edən şəxs ov tüfəngi ilə atəş açdıqdan sonra hadisə yerindən qaçmağa çalışıb. Şübhəli şəxs polis tərəfindən cinayət yerindən bir neçə kilometr aralıda saxlanılıb.
Saxlanılan şəxsin 54 yaşlı Balşin Qəibov olduğu bildirilir. O, polisə ifadə verib və cinayəti etiraf edib.
Qətlin motivi ilə bağlı əsas versiyalardan biri keçmişdə baş vermiş hadisə ilə əlaqələndirilir. İddialara görə, saxlanılan şəxsin qardaşı Yusubovların bacısı qızını qaçırıb. Ailə qızı geri qaytarıb, bundan sonra o, ölkəni tərk edib və daha sonra dünyasını dəyişib. Qətlin bu hadisə ilə əlaqəli olub-olmadığı araşdırılır.
Kənd sakinlərinin sözlərinə görə, hücum edən şəxs sağ qalan üçüncü qardaşı da öldürmək istəyib. Lakin o, qaçaraq həyatını xilas edə bilib.
Cinayəti törədən şəxs artıq saxlanılıb.Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə, ağırlaşdırıcı hallarda iki şəxsin qəsdən öldürülməsi üzrə istintaq başlanıb. Maddə 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutur.