Marneuli Bələdiyyəsinin kəndlərindən birində sentyabrın 12-si axşam saatlarında qanlı insident baş verib.
Aktual.ge-nin əldə etdiyi məlumata görə, şəxsi marketində oturan gənc və dostlarına əvvəlcə mağazaya daxil olan iki nəfər əllərində küt əşya ilə hücum edib. Onlar müqavimət göstərdikdə isə market sahibinə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıblar.
İddialara görə, tərəflər arasında daha əvvəl mübahisə yaşanıb və insidentin intiqam zəminində baş verdiyi ehtimal olunur.
Məlumata əsasən, hücum edənlər həmin axşam Marneuli Bələdiyyəsində güclü yağış səbəbindən yaranan elektrik kəsilməsindən yararlanıblar. Hadisə yerində təhlükəsizlik kameraları olsa da, işıq olmadığından görüntüləri qeydə ala bilməyib.
Yaralı gənc Marneulidəki klinikalardan birinə yerləşdirilərək əməliyyat olunub. Həkimlər onun böyrəyinin birini çıxarmaq məcburiyyətində qalıblar. Əldə etdiyimiz məlumata görə, hazırda gəncin vəziyyəti stabildir.
Aktual.ge hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamağa çalışır.