Kvemo Kartli Polis Departamenti və Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşları, məhkəmə qərarı əsasında, bir cinayət işi üzrə yalan ifadə vermə və qrup halında törədilmiş xuliqanlıq ittihamı ilə 11 nəfəri saxlayıb, daha bir şəxsə isə sağlamlığa qəsdən ağır xəsarət yetirmə faktı ilə bağlı qiyabi ittiham irəli sürüləcək.
Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.
Qurumun məlumatına əsasən, istintaqla müəyyən edilib ki, Marneulidə təqsirləndirilən şəxslər arasında baş verən mübahisə fiziki qarşıdurmaya çevrilib. Saxlanılan şəxslər ictimai asayişi kobud şəkildə pozub, həmçinin qarşıdurma zamanı onlardan biri soyuq silahdan istifadə edərək 1994-cü il təvəllüdlü B.A.-ya ağır xəsarət yetirib.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd olunan cinayət işi üzrə həyata keçirilən kompleks operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində cinayətdə iştirak edən şəxslərin kimliyini qısa müddətdə müəyyən edərək, onlara qarşı qanunla nəzərdə tutulan tədbirlərin görülməsinə başlayıblar.
Saxlanılanlardan yeddi nəfər hadisəni birbaşa görməsinə baxmayaraq istintaqla əməkdaşlıq etməyib və dindirilmə zamanı hüquq-mühafizə orqanlarına yalan məlumat verib.
Daxili İşlər Nazirliyinin əməkdaşları cinayətdə iştirak edən 11 nəfəri təqsirləndirilən şəxs qismində saxlayıb. Daha bir şəxsə gəlincə, ona sağlamlığa qəsdən ağır xəsarət yetirmə faktı ilə bağlı qiyabi ittiham irəli sürüləcək və barəsində axtarış elan olunacaq.
İstintaq Cinayət Məcəlləsinin 117-ci, 239-cu və 370-ci maddələri ilə aparılır ki, bu da 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, - məlumatda deyilir.