Marneulidə məktəb yoldaşından hədə-qorxu ilə pul və qızıl tələb etməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.
Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat verib.
Bildirilib ki, Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları külli miqdarda pul əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə (şantaj/ekstorsiya) ittihamı ilə yetkinlik yaşına çatmayan şəxsi saxlayıblar.
"İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs 2025-ci ilin sentyabr ayından etibarən məktəb yoldaşını qorxutmaq və fiziki zorakılıqla hədələmək yolu ilə mütəmadi olaraq ondan pul və qiymətli əşyalar tələb edib. Həmçinin müəyyən olunub ki, həmin şagird müxtəlif vaxtlarda saxlanılan şəxsə 1 350 lari pul və 10 000 lari dəyərində qızıl zinət əşyaları verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayəti törədən şəxsi təqsirləndirilən şəxs qismində saxlayıblar.
İstintaq Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə aparılır. Həmin maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur" , - qeyd olunub.