20 İyuldan bu dəyişikliklər qüvvəyə minir
19.07.2026 23:27
1047
Maraqlı
A
20 İyuldan bu dəyişikliklər qüvvəyə minir

Sabahdan, 20 iyul 2026-cı il tarixindən etibarən Gürcüstanda iki yeni publik hüquqi şəxs fəaliyyətə başlayacaq. Bundan əlavə, "TBC Bank"ın müştəriləri üçün müəyyən kart xidməti tarifləri dəyişir.

Aktual.ge daha ətraflı məlumatı yuxarıda qeyd olunan yeniliklər haqqında təqdim edir:

20 iyuldan etibarən iki yeni qurum fəaliyyətə başlayır

Hökumət Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyinin nəzdində 2 yeni publik hüquqi şəxs yaradır. Qərara əsasən, yeni qurumlardan birinə Milli Qastronomiya Agentliyi, digərinə isə İnformasiya Texnologiyaları, Ətraf Mühitin Mühafizəsi və Aqroservis Agentliyi adı verilib.

Qeyd edək ki, hökumət artıq hər iki agentliyin nizamnaməsini təsdiqləyib. Sənədə görə, hər iki agentliyin sədri və üç müavini olacaq. Bundan əlavə, Milli Qastronomiya Agentliyinin cəmi 10 struktur bölməsi olacaq və hər birinə rəhbər təyin olunacaq.

Agentliyin funksiyalarına aşağıdakılar daxil olacaq:

  • - Milli qastronomiya irsinin müəyyən edilməsi, rəqəmsal uçotu və təşviqi (o cümlədən ənənəvi reseptlər, məhsullar, hazırlanma üsulları, qastronomiya praktikası və qastronomiya reyestrinin yaradılması yolu ilə);

  • - Endemik və yerli kənd təsərrüfatı bitkilərinin, sortlarının və növlərinin qorunması, həmçinin ənənəvi qastronomiya adət-ənənələrinin mühafizəsi və inkişafının dəstəklənməsi;

  • - Qida ilə bağlı keyfiyyət sxemlərinin, o cümlədən coğrafi göstəricilər və mənşə adları sistemlərinin praktiki tətbiqinin dəstəklənməsi və s.

İnformasiya Texnologiyaları, Ətraf Mühitin Mühafizəsi və Aqroservis Agentliyinin səlahiyyətləri isə bunlardır:

  • - Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyinin, onun sisteminə daxil olan qurumların və idarəetməsinə verilən hüquqi şəxslərin informasiya sistemlərinin, proqram təminatının, elektron xidmətlərin və rəqəmsal platformaların yaradılması, inkişafı, tətbiqi və idarə edilməsi;

  • - İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, məlumatların mühafizəsi və fasiləsizlik idarəetməsi siyasəti və mexanizmlərinin tətbiqi, monitorinqi və inkişafı;

  • - Kompüter, şəbəkə və digər texniki avadanlıqların idarə edilməsi, monitorinqi, texniki xidməti, modernləşdirilməsi və müasir texnologiyalarla mərhələli şəkildə əvəzlənməsi;

  • - Biznes proseslərinin təhlili, optimallaşdırılması, rəqəmsal transformasiyanın dəstəklənməsi, müvafiq İT layihələrinin planlaşdırılması və idarə edilməsi;

  • - PUA-lardan (pilotsuz uçuş aparatları) istifadə edərək hava çəkilişlərinin aparılması, ortofotoların işlənməsi, məlumatların təhlili/idarə edilməsi və məlumat mübadiləsi və s.

20 iyuldan "TBC Bank"ın kart xidməti tarifləri dəyişir – Dəyişiklik kimlərə şamil olunmur?

"TBC Bank"ın rəsmi internet saytında yerləşdirilən məlumata görə, 2026-cı il 20 iyuldan etibarən kart xidməti tarifləri və filial kanalları vasitəsilə xarici valyutada həyata keçirilən beynəlxalq köçürmələrin komissiya haqqı artırılır.

Xüsusilə, TBC-nin debet kartları ilə bankın bankomatlarından xarici valyutanın nağdlaşdırılması üçün komissiya haqqı 0.6% (minimum 0.6 vahid müvafiq valyutada) müəyyən edilir.

Bankdan bildirilib ki, dəyişiklik aşağıdakılara şamil olunmur:

  • - Şagird kartları, maaş layihəsinə daxil olan kartlar, WM kartları, Space kartları, biznes kartları;

  • - TBC Konsept 360, TBC Konsept, TBC Konsept Rəqəmsal paket, TBC Konsept Premium paket, TBC Konsept 360 paket və "Paket 10"-a daxil olan kartlar.

"Əgər yuxarıda qeyd olunan hər hansı xidmətdən/paketdən istifadə etmirsinizsə və ya onları alternativ xidmətlə əvəz etmisinizsə, lakin həmin paketlərə daxil olan kartları saxlamağa davam edirsinizsə, saxlanılan kartlara yenilənmiş şərtlər/tariflər tətbiq olunacaq. Maaş layihəsinə daxil olan kartlara isə müvafiq maaş layihəsi çərçivəsində müəyyən edilmiş tariflər şamil olunacaq", - deyə məlumatda qeyd olunub.

Bundan əlavə, filiallardan yalnız "Məbləğə zəmanət verilmiş" (OUR) beynəlxalq köçürmələri həyata keçirmək mümkündür ki, bunun da komissiya haqqı belə müəyyən edilib: 0.4% (min. 35 USD/EUR, maks. 500 USD/EUR).

"TBC Bank"ın məlumatında qeyd olnub: "Bu dəyişiklik məsafədən bank xidmətləri kanalları vasitəsilə həyata keçirilən beynəlxalq köçürmələrə, fərdi bankirlər tərəfindən icra olunan valyuta köçürmələrinə və filiallarda konsept məkanlarından həyata keçirilən valyuta köçürmələrinə şamil olunmur".

ŞƏRH YAZ
3