2012-ci ildən sonra Gürcüstanda qeydiyyatdan keçmiş İran şirkətlərinin sayı təxminən 510% artıb.
Aktual.ge xəbər verir ki, bu barədə Qeyri-hökumət təşkilatı (QHT) İqtisadi Siyasət Araşdırmaları Mərkəzinin (EPRC) hesabatında deyilir.
Mərkəzin tədiqatına görə, 2025–2026-cı illərdə Gürcüstanda qeydiyyatdan keçmiş İran şirkətlərinin sayı 12 800-ü ötüb. Lakin bu artım nə işçilərin sayında, nə biznes dövriyyəsində, nə də investisiyaların rəsmi göstəricilərində əhəmiyyətli artım kimi əks olunub.
"2012-ci ildən sonra Gürcüstanda qeydiyyatdan keçmiş İran şirkətlərinin sayı təxminən 510% artıb və nəticədə 2025–2026-cı illərdə onların sayı 12 800-ü ötüb.
Gürcüstanın Milli Statistika Xidmətinin və Gürcüstan Milli Bankının məlumatlarına görə, son illərdə İran investisiyaları əsasən bir neçə milyon dollar həddində dəyişib. 2013-cü ildən 2024-cü ilədək İran investisiyalarının ümumi həcmi 41 milyon ABŞ dolları təşkil edib. Bu, əvvəlki dövrlə müqayisədə artım olsa da, bir şirkətə düşən məbləğ kifayət qədər kiçik olub. 2024-cü ildə İrandan xalis birbaşa xarici investisiya (FDI) mənfi olub (-0,65 milyon ABŞ dolları), 2025-ci ilin ilkin məlumatlarına görə isə təxminən 0,4 milyon dollar təşkil edib. Nəticədə, rəsmi statistikaya əsasən, İranın Gürcüstanın ümumi birbaşa xarici investisiyalarındakı payı əhəmiyyətsiz olaraq qalır.
Mövcud məlumatlar, xüsusilə qeydiyyatdan keçmiş şirkətlərin təsis sənədlərində göstərilən məlumatlar göstərir ki, İran şirkətlərinin rəsmi fəaliyyət profili kiçikmiqyaslı ticarət, daşınmaz əmlak, xidmət sektoru, tikinti fəaliyyəti, logistika və reeksportla əlaqəli əməliyyatlardır. Fəaliyyətin böyük hissəsi kiçik və orta biznesin payına düşür və iri istehsal, sənaye və ya texnoloji layihələrlə daha az əlaqəlidir. Bununla yanaşı, FDI göstəricilərində əhəmiyyətli və şəffaf maliyyə axınları görünmür. Müxtəlif analitik nəticələrə əsasən, bu şirkətlərdə muzdla çalışan işçilərin sayı da artmayıb. Onlarla şirkət isə eyni ünvanda qeydiyyatdan keçib.
Yeganə şəffaf maliyyə artımı turizm xərcləri istiqamətində müşahidə olunur: 2022–2024-cü illərdə İrandan əldə olunan turizm gəlirləri 91,1 milyon dollardan 151,1 milyon dollara yüksəlib (65%), 2025-ci ildə isə 17,8% azalıb.
Statistika mühüm sual doğurur: nə üçün İran şirkətlərinin sayı investisiyaların və ümumilikdə rəsmi maliyyə daxilolmalarının həcmindən dəfələrlə daha sürətlə artır?“ - deyə EPRC tədqiqatında qeyd edilib.
Hesabatda deyilir ki, İrandan olan şəxslər tərəfindən Gürcüstanda şirkətlərin kütləvi şəkildə yaradılması ölkənin maliyyə sabitliyi və beynəlxalq reputasiyası üçün ciddi risklər yaradır.
Sənədə əsasən, İranın maliyyə sektoruna tətbiq edilən məhdudiyyətlər səbəbindən iqtisadi əməliyyatlar çox vaxt qeyri-şəffaf kanallar vasitəsilə həyata keçirilir ki, bu da dövlət tərəfindən çirkli pulların yuyulması və sanksiyalardan yayınmanın effektiv şəkildə nəzarətdə saxlanılmasını çətinləşdirir.
"İran maliyyə sektorunun əhəmiyyətli hissəsinin beynəlxalq sanksiyalar şəraitində fəaliyyət göstərdiyini nəzərə alaraq, iqtisadi əməliyyatların bir hissəsinin rəsmi statistikada tam əks olunmayan alternativ, o cümlədən kifayət qədər şəffaf olmayan maliyyə kanalları vasitəsilə həyata keçirilməsi ehtimalını istisna etmək olmaz.
İqtisadi fəaliyyətin əhəmiyyətli hissəsi ənənəvi bank sistemindən kənarda və ya məhdud şəffaflıq şəraitində həyata keçirilə bilərsə, dövlətin maliyyə axınlarına, sanksiyalardan mümkün yayınmaya və çirkli pulların yuyulması risklərinə effektiv nəzarət etmək imkanları, hətta belə bir istək mövcud olduğu halda (xüsusən də belə bir iradə olmadıqda), əhəmiyyətli dərəcədə azalır.
Beynəlxalq təcrübədə belə model çox vaxt nominal (qondarma "kağız üzərində mövcud olan") şirkətlərlə əlaqələndirilir. Bu şirkətlər formal olaraq qeydiyyatdan keçmiş olsalar da, real iqtisadi fəaliyyətləri məhdud olur. Belə şirkətlərdən bəzən reeksport, vasitəçi maliyyə əməliyyatları və ya müxtəlif ölkələrin sanksiyalarından və tənzimləyici tələblərindən yayınmaq məqsədilə istifadə edilir. Məhz buna görə şirkətlərin sayı sürətlə artdığı halda, bununla yanaşı investisiyaların, istehsalın, ixracın və ya məşğulluğun müvafiq artımı müşahidə olunmursa, onların fəaliyyətinin real iqtisadi əhəmiyyəti ilə bağlı suallar yaranır. Xüsusilə də söhbət Avropa İttifaqı ölkələri ilə vizasız rejimə malik olan və bu səbəbdən İran kimi ölkələrin vətəndaşları, eləcə də biznes və siyasi dairələri üçün çox cəlbedici olan bir ölkədən gedirsə.
2026-cı il avqustun 8-də ABŞ-ın Gürcüstanda 2025-ci ildə yaradılmış 'Shelbyti' kriptovalyuta şirkətinə qarşı tətbiq etdiyi sanksiya, şirkətin sahibinin İran vətəndaşı Savaş Kayvanpour (alternativ vətəndaşlıqları - Dominika və Əfqanıstan) olması fonunda, sanksiyalardan yayınma cəhdlərinin kifayət qədər müxtəlif sxemlərlə həyata keçirildiyini təsdiqlədi. Sanksiyanın əsası İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqədir. Qanun pozuntusunun mexanizmi isə 'qanunsuz maliyyə fəaliyyətləri' kimi göstərilib.
Bu qərarın fonunda son illərdə İranda olan şəxslər tərəfindən Gürcüstanda yaradılmış şirkətlərin bumuna və yuxarıda göstərilən statistikaya artıq əlavə və təsdiqlənmiş təhlükə kontekstində baxmaq lazımdır.
Bu cür hallar kiçik və açıq iqtisadiyyata malik Gürcüstan üçün xüsusi əhəmiyyət daşıyır. İrana qarşı tətbiq edilən müasir sanksiya rejimləri ikili təyinatlı texnologiyaları, maliyyə əməliyyatlarını, reeksportu və üçüncü ölkələr vasitəsilə həyata keçirilən ticarət sxemlərini əhatə edir. Buna görə də İranda iqtisadi fəallığın artması Gürcüstan üçün artıq yalnız iqtisadi məsələ deyil bu, maliyyə sisteminə etimad, beynəlxalq bank əlaqələri, Qərblə iqtisadi inteqrasiya, ölkənin beynəlxalq iqtisadi və yalnız iqtisadi deyil, ümumilikdə reputasiyası, eləcə də dünya xəritəsindəki mövqeyi ilə bağlı məsələdir“, - EPRC-nin hesabatında deyilir.