Tbilisidə Gürcüstan Azərbaycanlı Tələbələr Birliyi – “GASU”nun fəaliyyətinin bir illiyinə həsr olunmuş tədbir keçirilib.
Aktual.ge xəbər verir ki, tədbirdə “GASU”nun rəhbəri Aytəkin Allahverdiyeva qurumun bir illik fəaliyyəti ərzində həyata keçirilən layihələr və görülən işlərlə bağlı hesabat təqdim edib.
Daha sonra “GASU” üzvləri Nigar Məmmədova, Aylin Hümbətova, Sara İsgəndərova, Firəngiz Hüseynova, Lalə Babayeva, Elvina İsmayılova, Bağda Əliyeva, Zeynəb Nurmamedova və Mehdi Əhmədov çıxış edərək Birliklə bağlı fikirlərini bölüşüb, “GASU”nun həyatlarında və şəxsi inkişaflarında oynadığı roldan danışıblar.
Tədbir çərçivəsində Azərbaycanda fəaliyyət göstərən “Qan Donorları Assosiasiyası”nın rəhbəri Fuad Əsgərova “Gənclər sahəsində Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafına görə”, “OXU Təhsil Mərkəzi”nin rəhbəri Murad Muradova isə “Tələbələrin inkişafına verdiyi töhfəyə görə” plaket təqdim olunub.
Plaketləri “İnkişaf və Təhsil Mərkəzi”nin direktoru və “GASU”nun təsisçisi Emin Əhmədov təqdim edib.
Həmçinin “GASU” tərəfindən təşkil olunan “WUF 26 Tbilisi” simulyasiya müsabiqəsinin qalibi Zeynəb Nurmamedova simvolik hədiyyə ilə mükafatlandırılıb.
Tədbirdə iştirak edən ictimaiyyət nümayəndələri və qonaqlar çıxışlarında gənclərə uğurlar arzulayıb, “GASU”nun fəaliyyətinin davamlı olmasının və gənclərin inkişafına yönəlmiş layihələrin əhəmiyyətini vurğulayıblar.