Tbilisidə qarşılıqlı mübahisə zəminində yetkinlik yaşına çatmayan şəxs öldürülüb.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi (DİN) verib.
Məlumata görə, hadisə ilə bağlı qəsdən adam öldürmə ittihamı ilə daha bir yetkinlik yaşına çatmayan şəxs saxlanılıb.
Qurumun məlumatına görə, saxlanılan şəxs yetkinlik yaşına çatmayana soyuq silahdan istifadə etməklə bir neçə bıçaq xəsarəti yetirib.
“Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları isti izlə aparılan polis tədbirləri nəticəsində qəsdən adam öldürmə ittihamı ilə yetkinlik yaşına çatmayan şəxsi saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari il sentyabrın 10-da Tbilisidə qarşılıqlı mübahisə zəminində soyuq silahdan istifadə etməklə yetkinlik yaşına çatmayana bir neçə xəsarət yetirib və hadisə yerindən qaçıb.
Yetkinlik yaşına çatmayan şəxs aldığı xəsarətlər nəticəsində hadisə yerindəcə ölüb. Hüquq-mühafizə əməkdaşları həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayətdə təqsirləndirilən şəxsi isti izlə saxlayıblar.
İstintaq Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır. Həmin maddə 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, - deyə məlumatda qeyd olunub.