Baş nazir: Qareci ilə bağlı kampaniya siyasi spekulyasiyalar üçün istifadə olunur
Bugün
143
Siyasət
A
Baş nazir: Qareci ilə bağlı kampaniya siyasi spekulyasiyalar üçün istifadə olunur

"Qareci ilə bağlı kampaniyaya, eləcə də 'qara-qaranlıq media' vasitəsilə apardıqları digər kampaniyalara veriləcək yeganə qiymət budur – bunlar dövlət əleyhinə fəaliyyətlərdir və buna müvafiq cavab verilməlidir".

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistin sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, o cümlədən korrupsiya ilə bağlı çoxsaylı problemlər olub və heç kim bu problemlərin üzərini saxta kampaniyalarla ört-basdır edə bilməz.

“Burada sifarişli kampaniyanın əlamətləri açıq şəkildə görünür. Bu kampaniyalar tamamilə yalan üzərində qurulub. O cümlədən, Qareci məsələsi ilə bağlı kampaniya da belədir. Belə məsələlərə azacıq bələd olan hər kəs çox yaxşı başa düşür ki, bu cür mövzularla bağlı qərarlar qeyri-şəffaf şəkildə qəbul edilə bilməz. Xüsusilə də o fonda ki, Gürcüstan hökumətinin bütün aktları şəffafdır və bütün aktlar dərc olunur.

Buna baxmayaraq, konkret şəxslər, konkret media vasitəsi dövlət üçün son dərəcə həssas olan belə bir məsələ ilə bağlı kampaniya başlatmağa çalışdı. Buna görə də bütün bunlar bu kampaniyanın sifarişçilərinin və icraçılarının dövlət əleyhinə mahiyyətindən xəbər verir. Ölkəmizdə belə hadisələrin baş verməsi çox təəssüf doğurur”, - İrakli Kobaxidze deyib.

Belə kampaniyaların sifarişçisi kimi kimin nəzərdə tutula biləcəyi ilə bağlı suala Baş nazir konkret faktının olmadığını, lakin mediada təşkil olunan bu kampaniyaya sonradan kimin siyasi çalar verdiyini “Hamının çox yaxşı gördüyünü” bildirib.

“Məndə konkret fakt olmadığına görə, belə faktlar hüquq-mühafizə orqanlarında ola bilər. Mən sadəcə ehtimallardan danışa bilərəm. Mediada təşkil olunan bu kampaniyaya sonradan kimin siyasi çalar verdiyini və kimin bundan siyasi spekulyasiyalar üçün istifadə etdiyini hamı çox yaxşı gördü. Qalan məsələlərə gəlincə, cəmiyyət özü nəticə çıxarmalıdır. Ən sadə yol məntiqlə düşünmək və bunun əsasında nəticələr çıxarmaqdır.

Ümumiyyətlə, bu kampaniya o qədər həssas məsələyə toxunur ki, buna hüquqi müstəvidə sərbəst şəkildə qiymət verilə bilər. Lakin bütün bunlar müvafiq orqan və qurumların qərarından asılıdır”, - deyə hökumət başçısı qeyd edib.

ŞƏRH YAZ
3