2025-2026-cı illərdə Gürcüstanın aviasiya bazarına 10-dan çox yeni aviaşirkət və aviareys istiqaməti əlavə olunub.
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.
Baş nazirin sözlərinə görə, ötən il ölkənin üç beynəlxalq hava limanı ümumilikdə 8,5 milyon sərnişinə xidmət göstərib. Bu, əvvəlki illə müqayisədə 14 faiz çoxdur. Reyslərin sayı isə 16 faiz artıb.
İrakli Kobaxidze bildirib ki, Kutaisi Beynəlxalq Hava Limanında 3,5 kilometrlik yeni uçuş-enmə zolağı və digər aerodrom infrastrukturu vaxtından əvvəl istifadəyə veriləcək. Bununla hava limanı böyük ölçülü təyyarələrə də xidmət göstərə biləcək.
Onun sözlərinə görə, “TAV” şirkəti ilə aparılan danışıqlar nəticəsində əlavə 150 milyon lari investisiya cəlb edilib. İnvestisiya nəticəsində Tbilisi Beynəlxalq Hava Limanının sərnişin buraxılış qabiliyyəti iki dəfə artırılaraq 10 milyon sərnişinə çatdırılacaq.
Baş nazir həmçinin bildirib ki, Mestia və Telavi hava limanlarının tikintisi davam edir və hər iki hava limanının 2028-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Yeni hava limanlarının hər biri ildə 50 min sərnişinə xidmət göstərə biləcək.