Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifət partiyalarının qadağan edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə təqdim edilən iddia barədə danışıb.
Aktual.ge xəbər verir ki, hökumət başçısı jurnalistlərə açıqlamasında deyib ki, məhkəmə prosesi oktyabrın 21-də başlayacaq.
Baş nazir bildirib ki, hakim “Gürcü Arzusu” partiyası iddia qaldırarkən öz siyasi maraqlarını deyil, Gürcüstanın və gürcü xalqının maraqlarını əsas götürüb.
“Subyektiv olaraq, mövcud siyasi spektri qorumaq bizim üçün daha maraqlı ola bilərdi. Bu radikal birləşmiş müxalifəti hər dəfə asanlıqla məğlub etmişik. Bu solğun simalarla növbəti seçkilərdə qalib gəlmək daha asan ola bilərdi. Lakin bizim subyektiv maraqlarımız əsas məsələ deyil. Əsas məqsəd siyasi və demokratik sistemi yaxşılaşdırmaqdır. Buna görə də Konstitusiya Məhkəməsinə iddia təqdim edərkən şəxsi maraqlarımızdan deyil, Gürcüstan cəmiyyətinin və ölkəmizin obyektiv maraqlarından çıxış etmişik”, - deyə o, qeyd edib.
Baş nazir müxalifət partiyalarına qarşı iddianın əsaslı olduğunu vurğulayaraq, onların siyasi fəaliyyətinin gələcəyi ilə bağlı sərt fikirlər səsləndirib.