Hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik cinayətlərində ittiham olunan 142 nəfəri saxlayıb, onlardan 62-sinin müxtəlif formalarda narkotik vasitələrin satışında iştirak etdiyi müəyyənləşdirilib.
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.
"Daxili İşlər Nazirliyinin müvafiq bölmələri bütün ölkə ərazisində narkotik cinayətlərinə qarşı kompleks polis tədbirlərini fasiləsiz şəkildə davam etdirir.
Genişmiqyaslı polis tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik cinayətlərində ittiham olunan 142 nəfəri saxlayıb, onlardan 62-sinin müxtəlif formalarda narkotik vasitələrin satışında iştirak etdiyi müəyyənləşdirilib.
Saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var. İntensiv şəkildə aparılan istintaq tədbirləri nəticəsində əldə edilmiş sübutlarla müəyyən olunub ki, saxlanılan şəxslər narkotik vasitələrin qanunsuz satışını sistemli şəkildə həyata keçiriblər.
Narkotik vasitələrin satışı və yayılması məqsədilə təqsirləndirilən şəxslər müxtəlif üsullardan istifadə ediblər. Belə ki, narkotik vasitələrin satışını həm birbaşa, əlbəəl ötürmə yolu ilə, həm də internet tətbiqləri və sosial şəbəkələrdən istifadə etməklə həyata keçiriblər.
Bundan əlavə, təqsirləndirilən şəxslər narkotik vasitələri əvvəlcədən seçilmiş yerlərdə yerləşdirib, daha sonra müvafiq koordinatları və fotoşəkilləri maraqlı şəxslərə göndəriblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə qərarı əsasında həyata keçirilən narkotik vasitələrin nəzarətli alışları, təqsirləndirilən şəxslərin, onların yaşayış evlərinin və avtomobillərinin axtarışı, eləcə də onların göstərdiyi yerlərdən maddi sübut qismində külli miqdarda narkotik vasitələr və psixotrop maddələr götürüblər. Bunlar arasında ‘kokain’, ‘metadon’, ‘heroin’, ‘alfa-PVP’, ‘amfetamin’, ‘preqabalin’, ‘marixuana’ və digər maddələr var.
Aparılan istintaq tədbirləri nəticəsində polis narkotik vasitələrin qablaşdırılması üçün istifadə olunan materiallar, elektron tərəzilər, ehtimal olunan narkotik satışından əldə edilmiş pul vəsaiti, qanunsuz əldə edilmiş odlu silahlar və döyüş sursatı da götürüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 260-cı ter, 260-cı kvart, 261-ci, 25-260-cı, 265-ci prima və 236-cı maddələri ilə aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Daxili İşlər Nazirliyi narkotik cinayətlərinə qarşı fəal mübarizəni davam etdirir. Əsas vəzifəmiz narkotik vasitələrin qanunsuz dövriyyəsinə cəlb olunan şəxslərin müəyyənləşdirilməsi, narkotik satışının qarşısının alınması və cinayətdə iştirak edən şəxslərin qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilməsidir.
Bu istiqamətdə polis tədbirləri bütün ölkə ərazisində intensiv rejimdə davam etdiriləcək" , – deyə məlumatda qeyd olunub.