Qaribaşvili hakimiyyəti dövlət səviyyəsində sistemli cinayətdə ittiham edir
26.11.2026 00:45
278
Siyasət
A
Qaribaşvili hakimiyyəti dövlət səviyyəsində sistemli cinayətdə ittiham edir

"İki dəfə baş nazir olmuş şəxsi həbsxanada belə bir şərt qarşısında qoyurlarsa ki, ya həmişəlik siyasətdən gedəcək və prosessual sazişə razılaşacaq, ya da yeni ittihamla məhv ediləcək, hakimiyyət isə buna reaksiya vermək əvəzinə bu prosesi himayə edirsə, bu, dövlət səviyyəsində törədilmiş sistemli cinayətdir".

Aktual.ge xəbər verir ki, bunları Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili sosial şəbəkədə həbsxanadan yayımladığı məktubunda yazır.

Sabiq hökumət başçısı geniş məktubunda ona qarşı irəli sürülmüş ittihamdan danışır və iddia edir ki, prokurorların onunla “söhbət aparmaq” məqsədilə həbsxanaya göndərilməsi və araşdırmaya başlamaqdan imtina edilməsi ona qarşı həyata keçirilən siyasi, repressiv və əvvəlcədən ssenariləşdirilmiş prosesin daha bir klassik hüquqi sübutudur.

Onun sözlərinə görə, hakimiyyət bir daha təsdiqləyib ki, repressiv maşının idarəçisi məhz özüdür.

“Hakimiyyətin prokurorları həbsxanaya mənimlə ‘söhbət aparmaq’ məqsədilə göndərməsi və araşdırmaya başlamaqdan imtina etməsi mənə qarşı yönəlmiş siyasi, repressiv və əvvəlcədən ssenariləşdirilmiş prosesin daha bir klassik hüquqi sübutudur. Bu qərarla hakimiyyət bir daha təsdiqlədi ki, repressiv maşını idarə edən məhz özüdür və buna görə də özünə qarşı araşdırma başlada bilməzdi. Eyni zamanda, obyektiv araşdırma mənə qarşı irəli sürülmüş ittihama birbaşa zərbə vuraraq onu tamamilə darmadağın edərdi.

Prokurorluğun guya ‘söhbət’ aparılması ilə bağlı bəyanatına gəlincə, ictimaiyyətə izah etmək istəyirəm ki, bu, yalnız institusional manipulyasiya və formal yanaşma idi.

Belə ki, Gürcüstanın cinayət qanunvericiliyinə əsasən, işgəncə və ya hüquqların ciddi şəkildə pozulması faktı ilə bağlı dövlətin dərhal araşdırmaya başlamaq kimi müsbət və qaçılmaz öhdəliyi var.

Prokurorluğun qanunla nəzərdə tutulmuş istintaq hərəkətlərini və rəsmi araşdırmanı qeyri-müəyyən formatlı ‘söhbətlə’ əvəz etmək cəhdi tam hüquqi absurddur. Çünki Gürcüstanın Cinayət-Prosessual Məcəlləsində ‘söhbət’ prosessual hərəkət kimi nəzərdə tutulmayıb.

Belə bir söhbətin hüquqi qüvvəsi yoxdur, sübutların əldə edilməsi, sənədləşdirilməsi və iş materiallarına əlavə olunması ilə bağlı heç bir təminat vermir. Onun yeganə məqsədi qurumun guya həmin faktla ‘maraqlandığı’ görüntüsünü yaratmaqdır.

Məhz buna görə də prokurorların ‘söhbət’ aparmaq üçün həbsxanaya göndərilməsi həqiqətin üzə çıxarılmasına deyil, manipulyasiyaya və təbliğat xarakterli manevrə xidmət edirdi. Məqsəd belə bir fikir formalaşdırmaq idi: ‘Prokurorluq Qaribaşvili ilə söhbət etməyə cəhd göstərdi, lakin o, bundan imtina etdi’.

Bu, klassik siyasi təbliğat tələsidir. Belə ki, sonradan rəsmi şəkildə ‘Biz araşdırma aparmağa çalışdıq, lakin o özü əməkdaşlıq etmədi’ demək üçün zərərçəkmiş şəxs əməkdaşlıqdan imtina etməkdə ittiham olunur.

Halbuki biz ‘söhbətdən’ imtina etdik və rəsmi araşdırmaya başlanılmasını tələb etdik. Bunu elə həmin gün prokurorluğa rəsmi ərizə təqdim etməklə təsdiqlədik.

Ərizədə açıq şəkildə yazdım ki, ətraflı ifadə verməyə və müvafiq sübutları təqdim etməyə hazıram.

Prokurorluğun bəyanatında sübutların qiymətləndirilməsində ikili standart açıq şəkildə özünü göstərdi. Prokurorluq bildirdi ki, mənim və vəkilimin müraciətləri ‘ümumi xarakter daşıyır və cinayət əlamətləri ehtiva etmir’.

Eyni zamanda, prokurorluq mənə qarşı saxtalaşdırılmış rüşvət işini prosessual saziş müqabilində ‘satın alınmış’ iki şahidin (girovların) tamamilə əsassız, havadan götürülmüş ümumi ifadələri üzərində qurur. Halbuki bu ifadələri təsdiqləyən heç bir maddi iz yoxdur.

Bununla yanaşı, həbsxanada mənə qarşı həyata keçirilən psixoloji təzyiq və şantaj faktları ilə bağlı araşdırmaya başlamaqdan imtina edir.

Bu isə ədalət mühakiməsinin tamamilə seçici və manipulyativ xarakter daşıdığını göstərir.

Nəticə olaraq, bir daha bəyan edə bilərəm ki, iki dəfə baş nazir olmuş şəxsi həbsxanada belə bir şərt qarşısında qoyurlarsa ki, ya həmişəlik siyasətdən gedəcək və prosessual sazişə razılaşacaq, ya da yeni ittihamla məhv ediləcək, hakimiyyət isə buna reaksiya vermək əvəzinə bu prosesi himayə edirsə, bu, dövlət səviyyəsində törədilmiş sistemli cinayətdir”, - deyə İrakli Qaribaşvili yazıb.

ŞƏRH YAZ
1