Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan və Rusiya tərəfləri arasında növbəti görüşlərin, mümkün olduğu təqdirdə, Tbilisi və Moskvada keçirilə biləcəyini təsdiqləyib.
Aktual.ge xəbər verir ki, o, bu barədə jurnalistlərə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Moskvaya xarici işlər nazirinin birinci müavini deyil, Baş nazirin xüsusi nümayəndəsi səfər edəcək.
İrakli Kobaxidze bildirib ki, Moskvada və Tbilisidə görüşlərin keçirilməsi heç bir risk yaratmır və bunun Rusiya ilə diplomatik münasibətlərin bərpası ilə heç bir əlaqəsi yoxdur.
Bununla yanaşı, Baş nazir qeyd edib ki, nə bayraqların yerləşdirilməsi, nə də Moskvada və Tbilisidə görüşlərin keçirilməsi tanımama siyasətinə ziddir.
“Bu görüşlər, əlbəttə ki, Moskvada və Tbilisidə də keçirilə bilər. Belə bir yanaşma olarsa, görüşlərin növbəli şəkildə Moskva və Tbilisidə keçirilməsi prinsipial əhəmiyyət daşıyır. Burada əsas məsələ prinsiplərə əməl olunmasıdır. Bu prinsiplərin qorunması baxımından həlledici məqam Moskvaya xarici işlər nazirinin birinci müavininin deyil, Baş nazirin xüsusi nümayəndəsinin səfər etməsidir.
Format müəyyən risklər, məsələn, tanınma məsələsi və ya hər hansı digər istiqamətdə təhlükə yaratmamalıdır. Bu görüşlərin Moskvada və Tbilisidə keçirilməsi heç bir risk yaratmır. Əsas məsələ odur ki, heç bir jest tanımama siyasətinə kölgə salmamalıdır. Nə orada bayraqların yerləşdirilməsi, nə də Moskvada və Tbilisidə görüşlərin keçirilməsi tanımama prinsipinə ziddir”, – deyə İrakli Kobaxidze qeyd edib.
Baş nazir, həmçinin qeyd edib ki, “Moskvada Gürcüstan bayrağının dalğalanması əlamətdar hadisədir”.