Ceyhun Qarayev: Bəylər kəndi etiraz aksiyasına hazırlaşır
Bugün
386
Siyasət
A
Ceyhun Qarayev: Bəylər kəndi etiraz aksiyasına hazırlaşır

Marneulinin Bəylər kəndində üç aydır suvarma suyu yoxdur - sakinlər etiraz aksiyaları keçirəcəklər

Aktual.ge xəbər verir ki, bu barədə sosial şəbəkədə ictimai fəal Ceyhun Qarayev yazıb.

O, Marneuli bələdiyyəsinin Bəylər kəndində üç aydır suvarma suyunun verilməsinin dayandırıldığını qeyd edib.

Onun sözlərinə görə, yaranmış vəziyyət yerli əhalini və kənd təsərrüfatı ilə məşğul olan fermerləri ağır iqtisadi və sosial problemlərlə üz-üzə qoyub.

O qeyd edib ki, kənd sakinlərinin gəlirləri əsasən əkinçilik və heyvandarlıqdan asılıdır, fermerlərin isə banklar qarşısında kredit öhdəlikləri var: "Suvarma suyunun olmaması əkin sahələrini, kənd təsərrüfatı istehsalını, mal-qaranın saxlanmasını və əhalinin əsas dolanışıq mənbəyini təhlükə altına qoyur".

Ceyhun Qarayev Gürcüstanın müvafiq dövlət qurumlarına, Marneuli bələdiyyəsinin rəhbərliyinə və məsul şəxslərə müraciət edərək suvarma suyunun verilməsinin dayandırılma səbəblərinin araşdırılmasını, suyun ən qısa müddətdə bərpa edilməsini, problemin həlli ilə bağlı konkret tədbirlər planının açıqlanmasını, fermerlərə dəymiş zərərin araşdırılmasını və məsul şəxslərin müəyyən edilməsini tələb edib.

İctimai fəal vurğulayıb ki, yaxın müddətdə real və təsirli addımlar atılmasa, Bəylər kəndinin sakinləri qanunla müəyyən edilmiş qaydada genişmiqyaslı dinc etiraz aksiyaları keçirmək məcburiyyətində qalacaqlar.

"Biz xüsusi imtiyazlar tələb etmirik, ədalət, diqqət və vaxtında müdaxilə tələb edirik!", – deyə Ceyhun Qarayev yazıb.

ŞƏRH YAZ
2