Marneulidə tikinti təhlükəsi: Yeniyetmələr faciədən son anda xilas oldular | Puşkin küçəsinin sakinləri etiraz edir - VİDEO
Bugün
69
Siyasət
A
Marneulidə tikinti təhlükəsi: Yeniyetmələr faciədən son anda xilas oldular | Puşkin küçəsinin sakinləri etiraz edir - VİDEO

Dünən Marneulidə yeniyetmələr son anda təhlükədən xilas olublar. Axşam saatlarında tikinti aparılan binadan taxta parçası yeniyetmələrin hərəkət etdiyi yola düşüb.

Sakinlərin sözlərinə görə, tikinti zamanı təhlükəsizlik qaydalarına əməl olunmur və ərazidən keçmək hər an insanların həyatı üçün təhlükə yaradır.

Söhbət Marneuli şəhərinin Puşkin küçəsindən gedir. Burada yaşayan sakinlər gündəlik istifadə etdikləri yolun artıq təhlükəli olduğunu bildirirlər.

Müşahidə kameralarının qeydə aldığı videogörüntüləri bizimlə paylaşan vətəndaşların sözlərinə görə, bu, ilk belə hadisə deyil. Onlar oxşar halların dəfələrlə baş verdiyini bildirirlər. Xoşbəxtlikdən, indiyədək heç kim xəsarət almayıb. Lakin sakinlər hesab edirlər ki, tikinti sahələrində təhlükəsizlik tədbirləri görülməsə, növbəti hadisə faciə ilə nəticələnə bilər.

Onların sözlərinə görə, tikinti şirkətlərinin rəhbərliyinə dəfələrlə müraciət etsələr də, şikayətləri nəzərə alınmayıb və problemlə bağlı konkret tədbir görülməyib. Hətta yerli sakinlər rəsmi şəkildə Marneuli Meriyasına müraciət etsələr də, problem öz həllini tapmayıb.

Çəkiliş qrupumuzun müşahidələrinə görə, hazırda Puşkin küçəsində eyni vaxtda üç yeni binanın tikintisi aparılır. Ərazidə ağır texnikanın hərəkəti nəqliyyatın sıxlaşmasına və tıxacların yaranmasına səbəb olur. Beləliklə, sakinlər həm tikinti sahələrindən düşə biləcək materiallardan, həm də intensiv texnika hərəkətindən narahatdırlar.

Məsələyə aydınlıq gətirmək məqsədilə “Bizim Evlər” şirkətinin rəhbəri ilə əlaqə saxladıq. Lakin şirkət rəhbəri ünvanladığımız sualları cavablandırmaqdan yayındı.

Puşkin küçəsində keçirilən etiraz aksiyası və sakinlərin tələbləri ilə bağlı Marneuli merinin mətbuat xidməti ilə əlaqə saxladıq. Daur İsmayılovun ofisindən həm sakinlərin şikayətləri, həm də tikinti sahələrində təhlükəsizlik vəziyyəti ilə bağlı məlumat almaq istəsək də, bizə merin adına rəsmi məktubla müraciət etməyimiz bildirildi.

Beləliklə, ortaya bir sıra suallar çıxır: Çoxmərtəbəli binaların tikintisi zamanı qaydalara nə dərəcədə nəzarət edilir? Tikinti obyektləri nə qədər tez-tez yoxlanılır və sakinlərin şikayətləri əsasında indiyədək hansı tədbirlər görülüb?

Daha ətraflı video süjeti təqdim edirik:

ŞƏRH YAZ
1