Acara hökumətinin sədri Türkiyə səfiri ilə görüşüb | Nələr müzakirə edilib?
Bugün
65
Siyasət
A
Acara hökumətinin sədri Türkiyə səfiri ilə görüşüb | Nələr müzakirə edilib?

"Türkiyə Respublikasının Gürcüstandakı səfiri Mustafa Türker Arı ilə görüş keçirdim, görüşdə dünən futbol matçından əvvəl və matç zamanı baş verən hadisələri ətraflı müzakirə etdim".

Aktual.ge xəbər verir ki, bunu Acara Muxtar Respublikasının hökumətinin sədri Zurab Pataradze sosial şəbəkə səhifəsində bildirib. 

"Səfirə izah etdim ki, həm matçdan əvvəl, həm də oyun zamanı 'Beşiktaş' futbol klubunun azarkeşlərinin heç də az olmayan bir hissəsi təxribatçı davranışlar sərgiləyib. Onlar dəfələrlə və məqsədyönlü şəkildə polis əməkdaşlarına butulka, daş və küt əşyalar atıblar. Nəticədə bir neçə polis əməkdaşı xəsarət alıb. Həmçinin şəhər infrastrukturuna ziyan vurub və polis əməkdaşlarına qarşı nalayiq ifadələr səsləndiriblər. Təbii ki, bu cür davranışlar müvafiq tədbirlər görülmədən qala bilməzdi.

Səfirə onu da bildirdim ki, matçdan əvvəl azarkeşlərin üzərində Gürcüstan əhalisi üçün həssas məzmun daşıyan təxribat xarakterli bannerlər aşkarlanıb. Həmin bannerlərin stadionda və ya şəhərdə nümayiş etdirilməsi qaçılmaz təxribatlara səbəb ola bilərdi. Buna görə də bannerlərin ictimaiyyət qarşısında nümayişinə icazə verilməməsi, ilk növbədə, türk azarkeşlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyırdı.

Səfirə izah etdim ki, Gürcüstan Daxili İşlər Nazirliyinin bölmələri ictimai asayişin qorunması və vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması məqsədilə türkazarkeşlərə qarşı mütənasib tədbirlər həyata keçirib. Bu tədbirlər beynəlxalq standartlara və Gürcüstan qanunvericiliyinə tam uyğundur. Gürcüstan ərazisində olan hər kəs bu qanunvericiliyə riayət etməlidir.

Faktlara əsaslanaraq səfirə bildirdim ki, Gürcüstan polisi öz səlahiyyətlərini effektiv və ləyaqətlə yerinə yetirib. Bunun nəticəsində vəziyyəti tənzimləmək və prosesə dövlət tərəfindən tam nəzarəti təmin etmək mümkün olub.

Hazırda Batumidə vəziyyət sakitdir və hadisələrin yenidən gərginləşməsi riski tamamilə aradan qaldırılıb. İnzibati qaydada saxlanılan bütün şəxslər azadlığa buraxılıb. Gürcüstan Daxili İşlər Nazirliyi türk azarkeşlərin vətənlərinə maneəsiz qayıtmasını təmin edib" , - qeyd edib Zurab Pataradze.

ŞƏRH YAZ
0