
Ötən il Marneulidə keçirilən izdihamlı "Tasua" yürüşündə etirazla qarşılanan Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev bu il də yürüşdə iştirak etmə ehtimalını istisna etmir.
Aktual.ge xəbər portalının sorğusuna açıqlamasında şeyx bildirib ki, "Tasua" hər kəsindir və bu yürüşdə istənilən şəxs iştirak edə bilər. O, həmçinin "Tasua" yürüşündə iştirakın zəruriliyindən danışıb.
Faiq Nəbiyev 5 iyul tarixində həm Qardabanidə, həm də Marneulidə "Tasua" yürüşlərinin keçiriləcəyini bildirib və böyük ehtimalla Marneulidəki yürüşdə iştirak edəcəyini qeyd edib.
Xatırladaq ki, ötən ilin 15 iyul tarixində Marneulidə keçirilən "Tasua" yürüşündə iştirak edən şeyx etirazla qarşılanıb. Adətən bu yürüşdə ön sırada, yəni protokol hissəsində din xadimləri irəliləyir, onların ardınca isə xalq gəlir. Lakin bu dəfə şeyxin yürüşə qatılmasına etiraz edən gənc dini fəallar protokol düzülüşünü pozublar. Marneuli Mərkəzi Həzrət İmam Əli Məscidinin qarşısında yekunlaşan yürüş zamanı fəal dini gənclər tərəfindən "Şeyxə yox, məscidləri qaytarın!" şüarları da səsləndirilib.
Məlumat üçün bildirək ki, Marneuli Mərkəzi Hz. İmam Əli (ə) Məscidinin şurası və icması Gürcüstan Müsəlmanları İdarəsini qəbul etmədiklərini dəfələrlə bəyan edib.
Daha ətraflı video xəbəri təqdim edirik: