Hörmüz Boğazında ABŞ ordusuna məxsus "Apache" tipli helikopterin vurulmasından sonra Vaşinqton-Tehran xəttində gərginlik yenidən pikə yüksəlib.
Aktual.ge xəbər verir ki, ABŞ "legitim müdafiə" adı ilə İrandakı hava hücumundan müdafiə sistemlərini və radarları vurmasına İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH); Küveyt, Bəhreyn və İordaniyadakı Amerika hərbi bazalarını hədəf alaraq sərt cavab verib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM), vurulan "Apache" helikopterindən sonra hərəkətə keçərək İrana qarşı cavab zərbələri endirdiyini açıqlayıb.
Əməliyyatın "legitim müdafiə" çərçivəsində həyata keçirildiyini bildirən CENTCOM, "Bu əməliyyat İranın haqsız təcavüzünə mütənasib bir cavab xarakteri daşıyır" məlumatını yayıb.
Bu açıqlamalardan dərhal sonra İran mediası; Hörmüzqan əyalətinə bağlı Sirik şəhəri, Qeşm adası və Bəndər Abbas bölgələrində güclü partlayış səslərinin eşidildiyini bildirib.
ABŞ Prezidenti Donald Tramp hücumlar zamanı verdiyi açıqlamada əməliyyatı təsdiqləyərək deyib: "Reaksiya vermək çox vacibdir. Onlar bir helikopteri vurdular və hazırda cavab zərbəsi endiririk".
Sübhə doğru əməliyyatın detallarını paylaşan CENTCOM, başladılan hücumların başa çatdığını və təxminən 4 saat davam etdiyini bildirib. Açıqlamada, ABŞ Hərbi Hava Qüvvələrinə və Donanmasına məxsus döyüş təyyarələrindən atılan yüksək dəqiqlikli sursatların istifadə edildiyi qeyd olunub.
Hücum zamanı Hörmüz boğazı yaxınlığındakı İran hava hücumundan müdafiə sistemlərinin, yerüstü idarəetmə stansiyalarının və müşahidə radarı qurğularının vurulduğu bildirilərək, əməliyyatın beynəlxalq ticarət gəmilərinə qarşı edilən hücumlara da bir cavab olduğu vurğulanıb.
ABŞ-ın gecəyarısı həyata keçirdiyi əməliyyata Tehran rəhbərliyindən cavab gecikməyib. SEPAH hücumlardan sonra ABŞ-ın Yaxın Şərqdəki strateji bazalarının hədəf alındığını elan edib. Rəsmi açıqlamada, ABŞ-ın bölgədəki dəniz və hava bazalarında ümumilikdə 21 hədəfin vurulduğu bildirilib.
İranın cavab dalğasında aşağıdakı kritik nöqtələr hədəf alındığı qeyd edilib:
Bəhreyndəki ABŞ 5-ci Donanması PUA (pilotsuz uçuş aparatı) sürüsü ilə intensiv hücuma məruz qaldı.
İordaniyadakı Müvəffəq Salti Hərbi Bazası ballistik raketlərlə hədəf alındı. İddialara görə, "F-35" döyüş təyyarələrinin saxlanıldığı anqarlar da daxil olmaqla 4 mühüm hədəf məhv edildi.
Küveyt ordusu isə ölkəyə qarşı yeni hücumlar səbəbindən hava hücumundan müdafiə sistemlərinin işə düşdüyünü bəyan etdi.
İranın xarici işlər naziri Abbas Arakçi sosial media hesabında paylaşdığı açıqlamada, "ABŞ döyüş meydanındakı məğlubiyyətlərinə baxmayaraq, əzmimizi sınamağı seçdi. Güclü silahlı qüvvələrimiz heç bir hücumu və ya təhdidi cavabsız qoymayacaq" deyib.