Azyaşlıları diləndirən 3 nəfər saxlanılıb
Bugün
305
Siyasət
A
Azyaşlıları diləndirən 3 nəfər saxlanılıb

Azyaşlıların insan alveri (trafiqinqi) ilə bağlı 3 nəfər saxlanılıb. Saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşlarının olduğu bildirilir.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları Baş Prokurorluqla birgə, məhkəmə qərarı əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində üç şəxsi saxlayıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər maddi gəlir əldə etmək məqsədilə insan alveri planı hazırlayıb və öz azyaşlı övladlarını da bu prosesə cəlb ediblər.

Araşdırmaya əsasən, onlar uşaqları psixoloji təzyiq yolu ilə Batumidə, turistlərin sıx olduğu ərazilərdə və digər məkanlarda dilənməyə, eləcə də gül satmağa məcbur ediblər. Toplanan vəsaitin isə təqsirləndirilən şəxslər tərəfindən mənimsənildiyi qeyd olunur.

Nazirliyin məlumatına görə, istintaq çərçivəsində əldə olunan sübutlar bu faktları təsdiqləyir.

Hazırda zərərçəkmiş azyaşlılar dövlət himayəsi xidmət mərkəzlərinə yerləşdirilib və onların sağlamlığı üçün təhlükə olmadığı bildirilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə araşdırma davam etdirilir. Bu maddələr üzrə 17 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Daxili İşlər Nazirliyi müxtəlif kateqoriyalı, o cümlədən mütəşəkkil cinayətkarlığa qarşı mübarizə tədbirlərinin davam etdiyini açıqlayıb.

ŞƏRH YAZ
1