Tbilisidə yenidən yağan güclü leysan şəhərdə həyatı iflic edib.
Aktual.ge xəbər verir ki, axşam saatlarında başlayan güclü yağış nəticəsində paytaxtın bir sıra küçələrini su basıb. Yağış sularını axıtmaq üçün nəzərdə tutulmuş drenaj sistemi su axınını ötürə bilmədiyindən yollarda iri gölməçələr yaranıb, nəqliyyatın hərəkəti isə çətinləşib. Hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Leysan Tbilisi Beynəlxalq Hava Limanında da problemlərə səbəb olub. Hava limanının gəliş terminalında elektrik sistemində yaranan nasazlıq səbəbindən bina təxliyə edilib.
Bundan başqa, Tbilisinin girişində avtomobil yolunda qaya yamacı çöküb. Sosial şəbəkələrdə yayılan görüntülərdə ərazidə polis əməkdaşlarının xidmət apardığı və nəqliyyatın təhlükəsiz hərəkətini təmin etməyə çalışdığı görünür.
Qeyd edək ki, dünən də Tbilisidə güclü leysan yağmış, şəhərin müxtəlif hissələrində yolları su basmış və nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranmışdı.