Daxili İşlər Nazirliyi (DİN) "oğru dünyası" ilə əlaqəsi olan 29 nəfəri saxlayıb, 3 nəfərə isə (onlardan biri "qanuni oğru"dur) qiyabi olaraq ittiham irəli sürüləcək.
Aktual.ge xəbər verir ki, bu barədə Mərkəzi Kriminal Polis Departamentinin direktoru David Kiknadze keçirdiyi mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, təqsirləndirilən şəxslər şəxsi maddi mənfəət əldə etmək məqsədilə vətəndaşlar arasında mövcud olan maliyyə mübahisələrinin həllində fəal iştirak ediblər. Bu prosesə kriminal təsiri gücləndirmək və mübahisə edən tərəflərə psixoloji təzyiq göstərmək üçün xaricdə yaşayan, "qanuni oğru" adlandırılan Besik Caparidze cəlb edilib.
"Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları Baş Prokurorluqla birlikdə son 24 saat ərzində ölkə daxilində kompleks şəkildə həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, hakimin qərarı əsasında 'oğru dünyası' ilə əlaqəsi olan 29 nəfəri saxlayıb, 3 nəfərə isə, o cümlədən xaricdə olan bir 'qanuni oğru'ya qiyabi olaraq ittiham elan ediləcək.
İstintaqla müəyyən edilib ki, cinayət məsuliyyətinə cəlb olunan şəxslər şəxsi maddi mənfəət əldə etmək məqsədilə vətəndaşlar arasındakı maliyyə mübahisələrinin həllində fəal iştirak ediblər.
Bu prosesə kriminal təsiri gücləndirmək və mübahisə edən tərəflərə psixoloji təzyiq göstərmək üçün xaricdə yaşayan, 'qanuni oğru' adlandırılan Besik Caparidze cəlb edilib. Təqsirləndirilən şəxslər xaricdəki kriminal avtoritetlə razılaşaraq, mübahisə edən tərəflərlə birlikdə vaxtaşırı 'oğru görüşləri' (razborka) təşkil ediblər.
Məsafədən ünsiyyət və şəxsi görüşlər zamanı Besik Caparidze kriminal dünyanın qaydalarına və 'oğru ənənələrinə' uyğun olaraq yekun qərarlar qəbul edib. Həmin qərarlar əsasında tərəflərdən biri digərinin xeyrinə külli miqdarda pul ödəməli olub.
İstintaq həmçinin müəyyən edib ki, öhdəliklər yerinə yetirilmədikdə və ya müəyyən müddətlər pozulduqda, təqsirləndirilən şəxslər vətəndaşları və onların ailə üzvlərini fiziki zorakılıq, sağlamlığa xəsarət yetirmək və həyatlarına son qoymaqla hədələyiblər.
Hüquq-mühafizə orqanları tərəfindən keçirilən axtarışlar nəticəsində sübut kimi təqsirləndirilən şəxslərin mobil telefonları və kompüter texnikası götürülüb; onlar bu vasitələrlə bir-biri ilə və xaricdə yaşayan kriminal avtoritetlə əlaqə saxlayıblarmış.
Həmçinin, polis tərəfindən aparılan axtarış zamanı qanunsuz yolla əldə edilmiş odlu silahlar və döyüş sursatları da sübut kimi müsadirə edilib.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 223-cü maddənin prima, tersiya, kvarta və 236-cı maddələri ilə davam edir ki, bu da 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Gürcüstan Daxili İşlər Nazirliyi üçün ən əsas prioritetlərdən biri mütəşəkkil cinayətkarlığa, o cümlədən 'oğru dünyası' ilə bağlı cinayət fəaliyyətinə qarşı mübarizədir və bu cinayət sxeminə hər hansı formada cəlb olunan hər kəs qanunun bütün sərtliyi ilə cəzalandırılacaq", - deyə David Kiknadze bildirib.