Avtomobillərin texniki baxışında yeni sistemlər tətbiq ediləcək |
11.08.2026 22:47
190
Maraqlı
A
Avtomobillərin texniki baxışında yeni sistemlər tətbiq ediləcək | "E-Call" və "OBD" sistemləri nədir?

Gürcüstan hökuməti 5 avqust 2026-cı il tarixli qərarı ilə Gürcüstanın 2026–2030-cu illər üzrə Yol Təhlükəsizliyi Milli Strategiyasını və onun 2026–2027-ci illər üzrə Fəaliyyət Planını təsdiqləyib.

Aktual.ge xəbər verir ki, strategiya çərçivəsində avtomobillərin dövri texniki baxış sisteminin daha da inkişaf etdirilməsi planlaşdırılır.

Sənədə əsasən, texniki baxış zamanı aşkar edilən çatışmazlıqların sistemli şəkildə müəyyənləşdirilməsinə və onların aradan qaldırılmasına xüsusi diqqət yetiriləcək.

Sənəddə yazılıb ki, avtomobillərin texniki baxışı prosesində əlavə komponentlərin tətbiqi də nəzərdə tutulur. Bunlar arasında avtomobildə E-Call sisteminin yoxlanılması və OBD sisteminin tətbiqi məsələləri nəzərdən keçirilir. Həmçinin avtomobillərin və onların qoşqularının yollarda istifadəyə yararlılığı ilə bağlı dövri texniki yoxlamaları nəzərdə tutan Avropa İttifaqının 2014/45/EU direktivinin tam şəkildə tətbiqi planlaşdırılır.

Ayrıca istiqamət kimi təkərlərin təhlükəsizliyi müəyyən edilib. Dövlət dövri texniki baxış zamanı təkərlərin yaşı ilə bağlı tələblərin yenidən nəzərdən keçirilməsi və ikinci əl təkərlərin bazara çıxarılması ilə bağlı mümkün risklərin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparmağı planlaşdırır.

Strategiya həmçinin motosikletlər və L kateqoriyasına aid digər nəqliyyat vasitələri də daxil olmaqla, ikitəkərli nəqliyyat vasitələrinin texniki baxışı üzrə islahatın başlanması üçün zəruri tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bu qərarın əsas səbəbi son illərdə ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayının artmasıdır.

Texniki tələblərin sərtləşdirilməsi ilə yanaşı, ictimaiyyətin texniki cəhətdən saz və təhlükəsiz avtomobillərdən istifadənin əhəmiyyətini daha yaxşı dərk etməsi məqsədilə maarifləndirmə kampaniyalarının keçirilməsi də planlaşdırılır.

Strategiya layihəsi Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi tərəfindən yol təhlükəsizliyinə cavabdeh dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.

E-Call sistemi və OBD sistemi nədir?

  • - E-Call sistemi: Qəza zamanı avtomobilin avtomatik olaraq təcili yardım xidmətlərinə siqnal göndərməsini təmin edən sistemdir. Qəza baş verdikdə avtomobilin yerini və qəzanın baş verdiyini təcili xidmətlərə bildirə bilər.
  • - OBD sistemi: Avtomobilin elektron və texniki sistemlərini diaqnostika edən sistemdir. Mühərrik, emissiya sistemi və digər komponentlərdə nasazlıq olduqda xətaları müəyyən etməyə və xüsusi cihaz vasitəsilə oxumağa imkan verir.
ŞƏRH YAZ
2