Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Kvemo Kartli və Patrul Polisi departamentlərinin əməkdaşları qəsdən adam öldürmə ittihamı ilə əvvəllər məhkum olunmuş şəxsi saxlayıblar.
Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
“Müəyyən edilib ki, təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zamanı gənc oğlana soyuq silahdan istifadə etməklə xəsarətlər yetirib. Aldığı xəsarətlər nəticəsində oğlan hadisə yerində həyatını itirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayəti törədən şəxs təqsirləndirilən şəxs qismində saxlanılıb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır. Sözügedən maddə 15 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur”, – deyə məlumatda qeyd olunub.