Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Türk İnternet Media Birliyinin sədr müavini və “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər Qazaxıstanda keçirilən beynəlxalq konfransda iştirak edib.
Aktual.ge məlumat verir ki, Almatı şəhərində keçirilən tədbir dünyaca məşhur qazax şairi və ictimai xadimi Oljas Süleymanovun 90 illik yubileyinə həsr olunmuş “Bilik mədəniyyətinə dəstək” IX Beynəlxalq Konfransı çərçivəsində baş tutub.
“XX əsrin ikinci yarısında Mərkəzi Asiyanın intellektual tarixi” mövzusuna həsr olunan konfrans Mərkəzi Asiya və Türk dünyasının elmi, tarixi və mədəni əlaqələrinin öyrənilməsi, eləcə də intellektual irsin gələcək nəsillərə ötürülməsi məqsədi daşıyıb.
Aqil Ələsgər konfrans çərçivəsində Türk dünyasının media və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirib. Görüşlər zamanı Azərbaycanın Türk dünyasındakı rolu və əhəmiyyəti ilə bağlı mövqeyini ifadə edib.
Səfər çərçivəsində Aqil Ələsgər Türk dünyasında media və vətəndaş cəmiyyətinin inkişafına, həmçinin dostluq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Kəməl Tokayev adına “Kəməl Ata Kəməngər” ordeni ilə təltif olunub.
Ordeni jurnalistə Oljas Süleymanovun rəhbərlik etdiyi, UNESCO-nun nəzdində fəaliyyət göstərən Mədəniyyətlərin Yaxınlaşdırılması Mərkəzinin direktor müavini Səltənət Aşimova təqdim edib.
Qeyd edək ki, orden Kəməl Tokayevin adını daşıyır. Kəməl Tokayev tanınmış qazax yazıçısı, İkinci Dünya müharibəsi iştirakçısı və Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayevin atası olub.