Gürcüstan Orta Dəhlizə 2031-ci ilədək 342 milyon dollara yaxın vəsait xərcləyəcək
Bugün
67
Siyasət
A
Gürcüstan Orta Dəhlizə 2031-ci ilədək 342 milyon dollara yaxın vəsait xərcləyəcək

Gürcüstan Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi) çərçivəsində dəmir yolu infrastrukturunun inkişafına qarşıdakı 4 ildə ümumilikdə 890 milyon lari (341 milyon 917 min ABŞ dolları - red.) xərcləməyi planlaşdırır.

Aktual.ge xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin hazırladığı 2027-ci il dövlət büdcəsi layihəsinin ilkin variantında qeyd edilib.

Sənədə əsasən, layihəyə 2027-ci ildə 250 milyon lari, 2028-ci ildə 250 milyon lari, 2029-cu ildə 160 milyon lari, 2030-cu ildə isə 230 milyon lari ayrılması nəzərdə tutulub.

Layihə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi tərəfindən həyata keçiriləcək. Məqsəd Transxəzər Nəqliyyat Dəhlizi çərçivəsində ölkənin dəmir yolu şəbəkəsinin səmərəliliyinin, iqlim dəyişikliklərinə davamlılığının və maliyyə dayanıqlığının artırılmasıdır.

Layihə çərçivəsində Gürcüstan Dəmir Yolları üçün 45 yeni magistral DC yük elektrik lokomotivi və 10 müasir elektrik sərnişin qatarının (EMU) alınması planlaşdırılır. Həmçinin yeni elektrik yarımstansiyasının tikintisi nəzərdə tutulur.

Sərnişin qatarlarının mərhələli şəkildə tədarükünə və elektrik yarımstansiyasının tikintisinə 2027-ci ildə başlanması, yeni yük lokomotivlərinin isə 2028-ci ildən etibarən Gürcüstana gətirilməsi planlaşdırılır.

Büdcə layihəsində qeyd olunub ki, yeni yük lokomotivlərinin alınması dəmir yolunun daşıma qabiliyyətinin, əməliyyat etibarlılığının və səmərəliliyinin artırılmasına, həmçinin Gürcüstan Dəmir Yollarının uzunmüddətli maliyyə dayanıqlığının gücləndirilməsinə xidmət edəcək.

10 yeni elektrik sərnişin qatarının alınması isə sərnişin xidmətlərinin keyfiyyətinin, etibarlılığının, əlçatanlığının və təhlükəsizliyinin artırılmasına imkan verəcək. Layihə çərçivəsində Tbilisi-Batumi, Tbilisi-Poti, Tbilisi-Zuqdidi və Tbilisi-Kutaisi marşrutlarında sərnişin qatarlarının çatışmazlığının aradan qaldırılması, xidmətlərin bərpası və reyslərin tezliyinin artırılması nəzərdə tutulur.

Elektrik yarımstansiyasının tikintisinin isə dəmir yolunun fasiləsiz enerji təchizatını təmin etməsi, yeni lokomotivlərin istismarını dəstəkləməsi və elektrik enerjisinin dəmir yolu nəqliyyatının ehtiyaclarına uyğunlaşdırılmasına imkan verməsi planlaşdırılır.

Qeyd edək ki, söhbət 2027-ci il dövlət büdcəsi layihəsinin ilkin variantından gedir. Sənəd yekun təsdiqədək dəyişdirilə və ona düzəlişlər edilə bilər.

ŞƏRH YAZ
0