Sentyabrın 30-u Gürcüstan Patriarxlığına Moskva Patriarxlığının nümayəndə heyəti səfər edib.
Aktual.ge xəbər verir ki, bu barədə Patriarxlığın İctimaiyyətlə Əlaqələr Xidməti məlumat yayıb.
Yayılan kadrlarda qonaqları ÜmumGürcüstanın Katolikos-Patriarxı, Mtsxeta-Tbilisi baş yepiskopu, Biçvinta və Suxum-Abxaziya mitropoliti Şio III-ün qəbul etdiyi görünür. Görüşdə həmçinin yüksək rütbəli digər din xadimləri iştirak ediblər.
Tbilisidə Patriarxlıq iqamətgahında Moskva Patriarxlığının Xarici Kilsə Əlaqələri Şöbəsinin rəhbəri, eləcə də Moskva və Bütün Rusiyanın Patriarxının müşaviri olublar.
Patriarxlığın İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri, protoiyerey Andria Caqmaidzenin sözlərinə görə, Moskva Patriarxlığının Volokolamsk mitropoliti Antoninin rəhbərlik etdiyi nümayəndə heyəti Tbilisidə ÜmumGürcüstanın Katolikos-Patriarxı Şio III ilə görüşüb və onu patriarx seçilməsi münasibətilə təbrik edib.
Onun sözlərinə görə, görüşdə əsasən Gürcüstan kilsəsinin işğal olunmuş ərazilərdə – Abxaziya və Sxinvali regionunda üzləşdiyi əsas problemli məsələlər müzakirə olunub. Andria Caqmaidze bildirib ki, iki xalq arasındakı münasibətlərə mənfi təsir edən əsas problemin məhz bu olduğu vurğulanıb.
Patriarxlığın İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbərinin sözlərinə görə, görüşdə işğal olunmuş ərazilər Gürcüstan kilsəsi üçün “sağalmayan yara” kimi qiymətləndirilib. Bununla belə, tərəflər bu regionlarda kilsə həyatının və dini qaydaların tənzimlənməsi üçün müəyyən imkanların mövcud olduğunu bildiriblər.
Andria Caqmaidze deyib:
“Bu gün ÜmumGürcüstanın Katolikos-Patriarxı Moskva Patriarxlığının nümayəndə heyətini Patriarxlıqda qəbul edib. Nümayəndə heyətinə Moskva Patriarxlığının xarici əlaqələrinə rəhbərlik edən Volokolamsk mitropoliti Antoni başçılıq edib. Görüş keçirildi. Söhbət, təbii ki, Moskva Patriarxlığı və Moskva Patriarxı tərəfindən ÜmumGürcüstanın Katolikos-Patriarxı Şio III-ə patriarx seçilməsi münasibətilə ünvanlanan təbrikdən başladı.
Söhbət əsasən Gürcüstan kilsəsinin işğal olunmuş ərazilərdə – Abxaziya və Sxinvali regionunda üzləşdiyi əsas problemli məsələlərə həsr olundu. Vurğulandı ki, iki xalq arasındakı münasibətlərə mənfi təsir göstərən və bunun əsasını təşkil edən başlıca problem məhz budur. Buna görə də münasibətlərdə maneə yaradan problemlərin aradan qaldırılması üçün yollar tapılmalıdır.
Bildirildi ki, bu, Gürcüstan kilsəsi və bütövlükdə Gürcüstan üçün sağalmayan yaradır. Hər iki tərəf qeyd etdi ki, hər iki regionda kilsə həyatının və dini qaydaların tənzimlənməsinə imkan verəcək məsələlər üzərində işləmək üçün müəyyən resurs mövcuddur.
Katolikos-Patriarx II İlyanın fəaliyyəti və xidmətləri xatırlandı.
Beləliklə, bütövlükdə bu görüş gələcəkdə müəyyən addımların atılması və yolların tapılması, bu ağrılı məsələlərə müəyyən müsbət dəyişikliklərin gətirilməsi baxımından ümid yaradır”.