Levan Axobadze 500 min lari girov müqabilində məhkəmə zalından azadlığa buraxılıb
01.10.2026 23:48
122
Siyasət
A
Levan Axobadze 500 min lari girov müqabilində məhkəmə zalından azadlığa buraxılıb

Korrupsiya ittihamı ilə həbs edilən Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçmiş rəis müavini Levan Axobadze 500 min lari girov müqabilində məhkəmə zalından azadlığa buraxılıb.

Aktual.ge xəbər verir ki, qərarı Tbilisi Şəhər Məhkəməsinin hakimi Nino Taraşvili qəbul edib.

Müdafiə tərəfi Levan Axobadzenin girov müqabilində həbs qətimkan tədbirindən azad edilməsi barədə vəsatət qaldırıb. Prokurorluq vəsatəti dəstəkləyib.

Məhkəmənin qərarına əsasən, Levan Axobadzenin hökm elan olunana qədər ölkədən çıxışına da qadağa qoyulub. O, məhkəmədən çıxarkən mediaya açıqlama verməyib.

Qeyd edək ki, Levan Axobadze Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyi tərəfindən saxlanılıb. O, xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunub.

İstintaqın versiyasına görə, sabiq DTX rəis müavini vasitəçilər vasitəsilə sahibkara pulunun qaytarılmasına kömək edəcəyini vəd edib və bunun müqabilində 500 min lari rüşvət tələb edib. Daha sonra tərəflər 250 min lari məbləğində vəsaitin köçürülməsi barədə razılığa gəliblər.

Levan Axobadze Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin 3-cü hissəsinin "e" yarımbəndi ilə ittiham olunub. Həmin maddə xüsusilə külli miqdarda rüşvət almaya görə 11 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

ŞƏRH YAZ
0