Marneulidə, Nəriman Nərimanov küçəsində yerləşən beşmərtəbəli köhnə yaşayış binasının eyvanının tavanı çöküb. Hadisə axşam saatlarında baş versə də, bu günorta saatlarında yerli sakinlərə məlum olub.
Hadisə yerinə Fövqəladə Hallar Xidmətinin əməkdaşları və Marneuli Meriyasının müvafiq xidmətlərinin nümayəndələri cəlb olunub. Xoşbəxtlikdən, hadisə nəticəsində xəsarət alan olmayıb.
Beş mərtəbəli binanın sakinləri fəryad edir və Marneuli Meriyasından köhnə binanın eyvanlarının bərpasını tələb edir, onların sözlərinə görə, dəfələrlə müraciət etsələr də, diqqət göstərilmir.
Xatırladaq ki, 2022-ci ildə Nəriman Nərimanov küçəsində yerləşən həmin çoxmənzilli, 5 mərtəbəli binanın eyvanının uçması nəticəsində 2 nəfər həyatını itirmişdi.
Qeyd edək ki, Marneuli şəhərində yerləşən köhnə beşmərtəbəli yaşayış binalarının eyvanları uzun müddətdir qəzalı vəziyyətdədir. Bir sıra binalarda eyvanların beton konstruksiyaları qopub, metal dayaqlar paslanıb və çökmə təhlükəsi yaranıb. Bu isə sakinlərin həyatı və təhlükəsizliyi üçün ciddi risk yaradır. Bütün bunlarla bağlı ötən günlərdə Marneuli meri Daur İsmayılovla apardığımız müsahibədə o, problemin həlli üçün külli miqdarda vəsait tələb olunduğunu bildirmişdi.