Daxili İşlər Nazirliyinin (DİN) Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları Baş Prokurorluqla birgə son 24 saat ərzində Tbilisi və regionlarda keçirilən genişmiqyaslı polis əməliyyatı nəticəsində “oğru dünyası” ilə əlaqəsi olan 80 nəfəri saxlayıblar, daha 14 nəfərə ittiham irəli sürüləcək.
Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, saxlanılanların bir qismi penitensiar müəssisədə, digər qismi isə qiyabi qaydada ittiham olunacaq. Onların arasında xaricdə olan bir “qanuni oğru” da var.
“Hüquq-mühafizə orqanları tərəfindən intensiv şəkildə aparılan istintaq, o cümlədən hakim qərarı əsasında həyata keçirilən gizli istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, xaricdə olan “qanuni oğru” Giorgi Qoqoladzenin adı və himayəsi altında onun ətrafındakı şəxslər mütəmadi olaraq “oğru razborkaları” təşkil edib və qərarları “oğru ənənələrinə” uyğun şəkildə qəbul ediblər.
Belə ki, təqsirləndirilən şəxslər müxtəlif vaxtlarda və müxtəlif yerlərdə tərəflər arasında mövcud olan maliyyə mübahisələrini müzakirə edib, “oğru razborkası” nəticəsində mübahisə edən tərəflərdən birini digər tərəfin, eləcə də özlərinin xeyrinə müəyyən məbləğdə pul ödəməyə məcbur ediblər.
Üzərinə qoyulmuş öhdəliyin yerinə yetirilməməsi və ya müəyyən edilmiş müddətin pozulması halında isə vətəndaşları fiziki zorakılıqla və həyatlarını itirməklə hədələyiblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin üzərində, yaşayış evlərində və avtomobillərində apardıqları axtarışlar nəticəsində sübut kimi kompüter avadanlıqları və mobil telefonlar götürüblər. Təqsirləndirilən şəxslər həmin vasitələrlə bir-biri və xaricdə olan “qanuni oğru” ilə əlaqə saxlayıblar. Həmçinin axtarış zamanı odlu silahlar, pul və narkotik vasitələr aşkar edilərək götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 223-cü prim, 223-cü tertia, 223-cü kvarta və 236-cı maddələri ilə aparılır. Bu maddələr 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Daxili İşlər Nazirliyi mütəşəkkil cinayətkarlığa, xüsusilə də “oğru dünyası”na qarşı mübarizəni fəal şəkildə davam etdirir.
Nazirlik qanunla verilmiş səlahiyyətlər çərçivəsində “oğru dünyası”nın fəaliyyətində iştirak edən, ona yardım göstərən, habelə cinayət yolu ilə vətəndaşlara təzyiq göstərməyə və maliyyə mənfəəti əldə etməyə çalışan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması üçün bütün müvafiq tədbirləri həyata keçirəcək”, – DİN-də keçirilən brifinqdə Mərkəzi Kriminal Polis Departamentinin direktoru Davit Kiknadze bildirib.