2026-cı ilin sentyabr ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə restoran və kafelərdə demək olar ki, bütün məhsullar bahalaşıb, ən çox tələb olunan məhsullardan xəngəlin qiyməti 15,41%, xaçapurinin qiyməti isə 5,85% artıb.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidməti ("Saksat") məlumat verib.
Eyni statistikaya əsasən, xəngəl və xaçapurinin hazırlanması üçün lazım olan ərzaq məhsullarının qiymətləri hesabat dövründə aşağıdakı kimi dəyişib: mal əti qiyməti 15,52%, dana əti 17,63%, donuz əti 3,26%, un 5,65%, duz 0,46%, imeruli pendiri 3,44%, soğan 35,15%, yağ isə 7,68% bahalaşıb.
Bununla yanaşı,"Sakstat"ın məlumatına görə, sentyabr ayında xəngəl və xaçapurinin hazırlanmasında istifadə olunan ərzaq məhsullarından yalnız kərə yağı və göyərti ucuzlaşıb. Onların qiyməti müvafiq olaraq 1,55% və 5,26% azalıb.
Məlumata əsasən, restoranda naharın qiyməti 12,94% artıb. Həmçinin ötən ilin eyni dövrü ilə müqayisədə sentyabr ayında çörək sexlərində xaçapurinin qiyməti 12,11%, kafelərdə qəhvənin qiyməti 2,31%, barlarda isə pivənin qiyməti 6,45% bahalaşıb.
Qeyd edək ki, "Saksat" 2026-cı ilin sentyabr ayında əvvəlki ayla müqayisədə ölkədə inflyasiya 0,4%, illik inflyasiya isə 5,6% təşkil etdiyini bildirib. Baza inflyasiyası 2026-cı ilin sentyabr ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7% olub. Tütün məhsulları nəzərə alınmadan hesablanan illik baza inflyasiyası isə 3,5% təşkil edib.