Türkiyə Prezidentin baş müşaviri və iqtidardaki AK Partiyanın deputatı Azərbaycanda məktəbli qizların hicab qadağası ilə bağlı təhsil hüququnun ideoloji diktələrə qurban verilə bilməyəcəyini söyləyərək və qadağanın ləğv edilməsi çağırışı ediblər.
Aktual.ge xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Azərbaycanda hicablı şagirdlərin təhsil hüququna qoyulan məhdudiyyətlərə AK Partiya nümayəndələrindən sərt reaksiyalar verilib. Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral sosial şəbəkə hesabında paylaşım edərək bunları qeyd edib:
“Azərbaycanda hicablı şagirdlərin təhsil hüququnun məhdudlaşdırılması qəbuledilməzdir! İnancına görə başını örtən bir şagirdi məktəbin qapısında saxlamaq hansı vicdana, hansı ədalətə sığır? Hicab maneə deyil, inancın tələbidir! Təhsil hüququ heç bir ideoloji diktəyə qurban verilə bilməz! Azərbaycanın bu yanlış addımdan ən qısa zamanda geri dönməsini gözləyirik. Gənclərin gələcəyinə maneə yaratmaq deyil, onların yolunu açmaq lazımdır. Bu dövrdə belə bir yanaşmaya qətiyyən yol verilməməlidir".
AK Partiyanın Bursa üzrə millət vəkili, Türkiyə-İraq Parlamentlərarası Dostluq Qrupunun sədri Müfit Aydın da sosial media hesabında hicablı qızın məktəbin girişində gözlədiyi fotosunu paylaşaraq yazıb:
“Hicaba görə məktəbin qapısından geri qaytarılan bu qızcığazın yaşadıqları vicdanınızı sızlatmırmı? Azərbaycan qardaşlığın gərəyi olaraq bu tətbiqə dərhal son qoymalıdır!".
Məlumat üçün bildirək ki, Azərbaycanda son həftələrdə dövlət məktəblərində geyim qaydalarına məhdudiyyətlərin tətbiq olunmağa başlanması ölkədə ictimai müzakirələrə səbəb olub. 12 oktyabr sosial şəbəkədə yayilan görüntülərə əsasən, şagirdlər və müəllimlər hicabla məktəbə daxil ola bilməyiblər və etirazlar yaranıb. Daxili İşlər Nazirliyindən bildirilib ki, dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları müşahidə edilib və 37 nəfər saxlanılıb. Azərbaycan rəsmiləri ölkə miqyasında hicabın qadağan edilmədiyini dəfələrlə bəyan ediblər, lakin məktəblərdə dünyəvilik prinsipinə riayət olunduğunu bildiriblər.