Gürcüstanın Milli Rəqabət Agentliyi motor yanacağı bazarında beş iqtisadi agentin təhqiqatını başa çatdırıb.
Aktual.ge xəbər verir ki, söhbət 2022-ci ilin mart-avqust aylarında avtomobil yanacağının pərakəndə satış bazarında koordinasiyalı davranış nəticəsində yüksək qiymətlərin saxlanılmasından gedir.
Milli Rəqabət Agentliyi bildirir ki, aparılan araşdırma nəticəsində müəyyən edilib ki, - "Lukoyl-Georgia" MMC, "Visol Petroleum Georgia" ASC, "San Petroleum Georgia" MMC, "SOCAR Georgia Petroleum" MMC” və “Rompetrol Georgia” MMC Gürcüstanın “Rəqabət haqqında” Qanununun 7-ci maddəsini pozub.
Qeyd olunub ki, avtomobil yanacağının pərakəndə satış bazarında yüksək qiymət saxlanılıb ki, bu da 5 aparıcı şirkətin koordinasiyalı fəaliyyətinin nəticəsi olub.
Agentlik yanacağı yüksək qiymətə saxladığına görə aşağıdakı iri paylayıcı şirkətləri 4 milyon lari məbləğində cərimələyib:
"San Petroleum Georgia" MMC - 1 073 998 lari;
"Rompetrol Georgia" MMC - 987 886 lari;
"SOCAR Georgia Petroleum" MMC - 719 310 lari;
"Visol Petroleum Georgia" ASC - 693 576 lari;
"Lukoyl Georgia" MMC - 450 590 lari.
Bildirilib ki, qanunvericiliyə uyğun olaraq, şirkətlər agentliyin qərarından Tbilisi Şəhər Məhkəməsinə şikayət edə bilərlər.
Qeyd edək ki, agentliyin qiymətləndirmə müddəti 2022-ci ilin yanvar-avqust ayları arasındakı dövrü əhatə edir.